Pressa.az » İqtisadiyyat » Bakı ötən il dünyada ən çox birbaşa xarici investisiya yatırılan üçüncü şəhər olub

Bakı ötən il dünyada ən çox birbaşa xarici investisiya yatırılan üçüncü şəhər olub

24 aprel 2024, Çərşənbə, 15:16
Bakı ötən il dünyada ən çox birbaşa xarici investisiya yatırılan üçüncü şəhər olub

Böyük Britaniyanın “Financial Times” qrupunun “FDI Intelligence” nəşri 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin TOP 100 reytinqini açıqlayıb.

LiderXəbər xəbər verir ki, Bakı reytinq sıralamasında 3-cü yerdə qərarlaşıb.

Nəşrin qeyd etdiyinə görə, Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmalar 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələrdir. Bildirilib ki, bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya təkcə Macarıstanın “Hell Group” şirkəti tərəfindən 211 milyon dollar sərmayə yatırılacağına dair saziş imzalanıb.

“Financial Times”ın “FDI Intelligence” nəşrinin reytinq cədvəlində ilk yeri Almaniyanın Manheyim şəhəri tutub. İkinci yerdə isə Rumıniyanın Krayova şəhəri yer alıb. Hesabatda bildirilir ki, 2023-cü ildə dünya üzrə şirkətləri 1,33 trilyon dollar dəyərində birbaşa xarici investisiyaların qoyulması barədə razılığa gəlib ki, bu da əvvəlki illə müqayisədə 4 % çoxdur.

Qeyd edək ki, “Financial Times” nəşrinə məxsus “FDI Intelligence” iqtisadiyyatın bir çox sektorları üzrə qlobal və regional bazarların və korporativ investisiya mühitinin dərin təhlili üzrə ixtisaslaşıb. Nəşrin “FDI 100” metodologiyası birbaşa xarici investisiyaların cəlbi baxımından sürətlə inkişaf edən 100 regionun öyrənilməsinə əsaslanır. Reytinq özəl kapital bazarları üzrə məlumatların qiymətləndirilməsi və elan edilmiş investisiya layihələrinin sayını, kapital qoyuluşunun və birbaşa xarici investisiyaların artım tempini, habelə investisiyalar hesabına yaradılacaq yeni iş yerlərinin sayını nəzərə alır.