Pressa.az » İqtisadiyyat » Vüsal Şıxəliyev “Caspian Energy Club”a üzv olan iri holdinqlərlə görüş keçirib

Vüsal Şıxəliyev “Caspian Energy Club”a üzv olan iri holdinqlərlə görüş keçirib

26 dekabr 2024, Cümə axşamı, 15:17
Vüsal Şıxəliyev “Caspian Energy Club”a üzv olan iri holdinqlərlə görüş keçirib

“Caspian Energy Club” bu ilin iyun ayından etibarən Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın bütün işçi qruplarında fəal iştirak edir. Bu fəaliyyətin davamı olaraq, “Caspian Energy Club”ın təşkilatçılığı ilə Vüsal Şıxəliyevin iri holdinqlərlə dəyirmi masa formatında görüşü baş tutub.
 
Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.
 
Dəyirmi masanın rəsmi açılış hissəsində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, eləcə də Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış ediblər.
 
“Fərqli işçi qrupların çərçivəsində sahibkarların təkliflərini, suallarını və qarşılaşdıqları çətinlikləri toplayaraq müvafiq toplantılarda səsləndiririk. Sevindirici haldır ki, bir neçə ay öncə səsləndirilən təkliflər artıq müsbət nəticələr ilə özünü göstərib. Bu səbəbdən, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyevin “Caspian Energy Club”a üzv olan iri holdinqlər və şirkət rəhbərləri ilə geniş görüş keçirməsi olduqca önəmli idi. Bu görüşdə Vüsal Şıxəliyev bizə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın fəaliyyətinə dair ətraflı danışaraq bir neçə istiqamətdə həyata keçirilən islahatlarla bağlı məlumat təqdim etdi”, – deyə Telman Əliyev bildirib.
 
“Biznes mühitinin yaxşılaşdırılması üçün həyata keçirilən islahatlar Azərbaycanın beynəlxalq reytinqlərdəki mövqeyinin yüksəlməsinə dəstək verir. Bu kimi tədbirlər dövlət və biznes sektorlarının birgə inkişaf etməsi üçün əvəzolunmaz imkanlar təqdim edir”, - Telman Əliyev əlavə edib.
 
“Ölkənin biznes mühitinin inkişafını sürətləndirmək və dövlət-biznes əməkdaşlığını daha da gücləndirmək məqsədilə “Caspian Energy Club” tərəfindən dəyirmi masanın təşkil olunması böyük önəm kəsb edir”, - Vüsal Şıxəliyev bildirib. Vüsal Şıxəliyev sahibkarlara müraciət edərək, onları Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qruplarında fəal iştirak etməyə dəvət edib. O, bir neçə misal gətirərək qeyd edib ki, bir sıra sahibkarlar və “Caspian Energy Club”ın üzvləri işçi qruplar çərçivəsində irəli sürdükləri təklif və problemləri növbəti iclaslarda müsbət həll yolunu tapdığını görüblər. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı genişmiqyaslı islahatların bariz nümunəsidir. Onun sözlərinə görə, bu islahatlar təkcə biznesin inkişaf etməsinə deyil, həm də ölkənin ümumi iqtisadi inkişafına və rifahına mühüm töhfə verir. O, hər bir sahibkarın öz təcrübə və biliklərini bölüşməklə, dövlətin həyata keçirdiyi islahatları daha da gücləndirə biləcəyini qeyd edib.
 
Daha sonra forum çərçivəsində müxtəlif təqdimatlar keçirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Elvira Siraczadə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya və ən son iqtisadi islahatlar”, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin baş məsləhətçisi Gülnaz Cavadova isə “Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə vahid platforma (ESGhub.az) və milli standart” və “Dünya Bankının yeni “Business Ready” hesabatı və müasir çağırışlar” barədə təqdimatlar ediblər.
 
Vüsal Şıxəliyev “Biznes mühitinin yaxşılaşdırılması üzrə 2025-ci il üçün prioritetlər və özəl sektorla əməkdaşlıq” mövzusunda geniş və ətraflı məlumat təqdim edib.
 
İştirakçıların marağına səbəb olan əsas mövzulardan biri Ətraf Mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə vahid platformanın təqdimatı olub. Gülnaz Cavadovanın sözlərinə görə, sözügedən platforma ölkənin dayanıqlı inkişafına töhfə vermək üçün yeni imkanlar açacaq.
 
Üç saatdan çox davam edən toplantının əsas hissəsi interaktiv sual-cavab sessiyası ilə davam edib. Bu sessiya çərçivəsində iştirakçılar öz təklif, sual və problemlərini səsləndiriblər, fikir mübadiləsi aparıblar. Tədbirin sonunda iştirakçılar geniş networking və müzakirə imkanlarından faydalanıblar.
 
“Tədbirin nəticələri yaxın gələcəkdə yeni təşəbbüslərin və layihələrin əsasını təşkil edəcək”, - deyə Telman Əliyev çıxışını yekunlaşdırıb.
 
Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə yaradılmışdır. Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.
 
Komissiyanın əsas vəzifələri biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını təmin edəcək məsələlərin həlli ilə bağlı proqram və layihələr hazırlamaq, onların hazırlanması və həyata keçirilməsi üçün yerli və xarici ekspertləri cəlb etmək, bu sahədə dövlət orqanları və qurumlarının fəaliyyətini əlaqələndirməkdir.
 
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
 
Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 
 
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.
 
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.