Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) tərəfinfən “Sədərək” bazarında yerləşən reklam konstruksiyalarının sökülməsinə başlanılmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, “Sədərək” bazarının ərazisi özəl mülkiyyət kimi tanınmışdır və bu ərazi Azərbaycan Dövlət Reklam Agentliyinə rəsmi məlumat verilmişdir.
Bu barədə Liderxeber.az-a bir qrup sahibkar müraciət edib.
Sahibkarlar bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ dövlət tərəfindən qorunur və heç bir dövlət qurumu bu hüquqa qanunsuz müdaxilə edə bilməz. Eyni zamanda, “Reklam haqqında” Qanuna görə, ADRA-nın səlahiyyətləri yalnız dövlət və bələdiyyə mülkiyyətində olan, eləcə də ictimai istifadədə olan ərazilərdə tətbiq olunur. Özəl mülkiyyətə aid ərazilərdə reklam fəaliyyətinə yalnız mülkiyyətçinin razılığı ilə icazə verilir.
Bununla yanaşı “Sədərək” bazarının ərazisi tam hasarlanmış, mühafizə olunan, giriş-çıxışı idarə olunan özəl ticarət məkanıdır. Reklam konstruksiyaları bazarın daxili ticarət zonasında, yəni ictimai yol və ya bələdiyyə ərazisi ilə əlaqəsi olmayan hissələrdə quraşdırılmışdır.
Sahibkarlar bildirir ki, “Sədərək” bazarı paytaxtın ən iri ticarət mərkəzlərindən biri olaraq minlərlə sahibkara iş imkanı yaradır, dövlət büdcəsinə müntəzəm vergi ödənişləri edir və sahibkarlıq mühitinin inkişafına töhfə verir. Belə addımlar ticarət mühitinə və iqtisadi sabitliyə mənfi təsir göstərə bilər.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.