Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 12 milyard 529.4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub.
Liderxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1% yüksəkdir.
Hesabat dövründə bitkiçilik məhsullarının dəyəri 1.5% artaraq 6 milyard 449.5 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 0.4% artaraq 6 milyard 79.9 milyon manata çatıb.
Noyabrın 1-nə olan vəziyyətə görə, qarğıdalı daxil olmaqla tarlalardan 3 milyon 277.8 min ton və ya ötən ilin müvafiq dövründən 2.6% çox dənli və dənli paxlalı bitkilər yığılıb. Bununla yanaşı, 1 milyon 735.3 min ton tərəvəz (2.8% az), 1 milyon 157.6 min ton meyvə-giləmeyvə (3.5% çox), 903 min ton kartof (1.3% az), 459 min ton bostan məhsulları (6.3% az) əldə edilib.
Şəkər çuğundurunun istehsalı 48.6% artaraq 244.5 min tona, pambıq istehsalı 61.6% artaraq 225.5 min tona yüksəlib. Bundan əlavə, 206.6 min ton üzüm (3% çox), 31.3 min ton günəbaxan (0.8% çox), 7.2 min ton tütün (28% çox), 1 161.3 ton yaşıl çay yarpağı (11.5% çox) yığılıb.
Hesabat dövründə diri çəkidə 492.1 min ton ət, 1 milyon 883 min ton süd, 1 milyon 975.2 milyon ədəd yumurta, 14.6 min ton yun və 186.6 ton barama istehsal olunub. İllik müqayisədə yumurta istehsalı 3%, ət istehsalı 0.1%, süd istehsalı 0.1% artıb. Yun istehsalı 1.3%, barama istehsalı isə 22.1% azalıb.