Azərbaycan Respublikasının "Azturk Holding" şirkətinin prezidenti Güləli Bağırovun başçılıq etdiyi nümayəndə heyəti Çinin Fushou bölgəsinə rəsmi səfər edib.
Liderxeber.az xəbər verir ki, səfər çərçivəsində iki ölkə arasında iqtisadi, hüquqi və biznes əməkdaşlığının genişləndirilməsi məqsədilə bir sıra yüksək səviyyəli görüşlər keçirilir.
Nümayəndə heyətinin Fushou səfərinin əsas məqsədlərindən biri Çin-Azərbaycan iqtisadi əməkdaşlıq və "Azturk Holding" - Çin-Azərbaycan biznes və hüquqi əməkdaşlıq mərkəzinin rəsmi açılışıdır. Bununla yanaşı, dünyanın ən böyük inşaat layihəsi sayılan "NeoOrdo" layihəsi üzrə əməkdaşlıq haqqında müqavilənin imzalanması nəzərdə tutulur.
Yüksək səviyyəli görüşlər planlaşdırılıb
"Azturk Holding" nümayəndə heyəti səfər çərçivəsində bir sıra yüksək rütbəli Çin rəsmiləri ilə görüşəcək. Görüşlərdə iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya imkanları və biznes mühitinin təkmilləşdirilməsi kimi məsələlər müzakirə ediləcək.
Görüş keçiriləcək rəsmilər arasında bunlar yer alır:
Zhou Zuyi – Fucian vilayəti komitəsinin katibi
Zhao Long – Fucian vilayəti qubernatoru
Cui Yonghui – Şiamen şəhər komitəsinin katibi
Wu Bin – Şiamen bələdiyyə başçısı
Zhang Yigong – ÇKP Quançjou şəhər komitəsinin katibi
Cai Zhansheng – Quançjou bələdiyyə başçısı
Su Yanhui – Quançjou Tayvan biznes investisiya zonası katibi
Liao Liangjie – Quançjou Tayvan biznes investisiya zonası direktoru
Fu Zhaoyang – Putian şəhər komitəsinin katibi
Dai Longcheng – Putian bələdiyyə başçısı
Görüşlərin əsas məqsədi iki ölkənin iqtisadi əlaqələrinin dərinləşdirilməsi və yeni layihələr üzrə əməkdaşlığın formalaşdırılmasıdır.
"NeoOrdo" - Avrasiyada yeni ticarət ekosistemi
"Azturk Holding"in irəli sürdüyü "NeoOrdo" layihəsi Avrasiyada ticarətin rəqəmsal transformasiyasını hədəfləyir. Layihə Çin-Azərbaycan-Avropa ticarət yolunda yeni nəsil logistika, sertifikatlaşdırma, gömrük və distribusiya sistemlərini birləşdirən vahid platforma yaradır.
Güləli Bağırov bildirib: ""NeoOrdo" platforması Çin şirkətlərinə Avropa və Qafqaz bazarlarına sürətli çıxış imkanı verəcək. Azərbaycan isə Çinin qabaqcıl texnologiyalarını öz iqtisadi inkişafında tətbiq edə biləcək”.
Layihənin əsas üstünlükləri arasında:
Ticarətin sürətləndirilməsi,
Logistika və sənədləşmə xərclərinin azaldılması,
Avropaya çıxış üçün vahid emal və sertifikatlaşdırma mərkəzlərinin yaradılması,
Azərbaycanın Qafqaz regionunda aparıcı tranzit mərkəzinə çevrilməsi dayanır.
Bundan əlavə, layihə Ələt Azad İqtisadi Zonası ilə sinerji yaradaraq Çin şirkətləri üçün gömrüksüz istehsal, vergi azadolmaları və sürətli qeydiyyat imkanları təmin edir.
Çinli investorlara açıq dəvət
Səfər çərçivəsində Çin iş adamlarına Azərbaycanda sərmayə imkanları da təqdim edilib.
Güləli Bağırov vurğulayıb ki, həm "Azturk Holding" həm də Azərbaycan dövləti Çindən gələn investorlar üçün şəffaf, təhlükəsiz və yüksək standartlara uyğun biznes mühiti yaratmaqda maraqlıdır.
O qeyd edib: “Azərbaycan-Çin əməkdaşlığı hər iki tərəf üçün qazan-qazan modelidir".
Strateji əhəmiyyətli səfər
"Azturk Holding"in Çinə rəsmi səfəri təkcə yeni biznes imkanlarının açılması deyil, həm də Azərbaycanın Avrasiya ticarət xəritəsindəki rolunun gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. “Çin–Azərbaycan Biznes və Hüquqi Əməkdaşlıq Mərkəzi” və "NeoOrdo" layihəsi bu strateji əməkdaşlığın simvolu kimi çıxış edəcək.