Вернуться назад Распечатать

Kimlərə iki dəfə çox maaş ödəniləcək?

Azərbaycan Prezidenti “Əmək Məcəlləsi”nə dəyişiklikləri təsdiq edib. Vacib dəyişikliklərdən biri istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşının da nəzərə alınmasıdır.

Liderxeber.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında şərh verib. 

O bildirib ki, dəyişikliklər Azərbaycanda əmək hüquqlarının daha yaxından qorunması, işəgötürən və işçi münasibətlərinin beynəlxalq standartlar və prinsiplərə uyğun tənizmlənməsi üçün hüquqi bazanı daha da möhkəmləndirir:

“Sözügedən günlərdə əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının iki mislindən, əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərində və aylıq maaş alan işçilərə iş, aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əməkhaqqı ödəniləcək.

Burada vacib dəyişliklərdən biri də saatlıq vəzifə maaşı anlayışının məcəllədə istifadə olunmasıdır. Azərbaycanda bu istiqamətə işlərin daha da intensivləşməsi müşahidə olunmaqdadır. Belə ki, saatlıq vəzifə maaşının məcəlləyə əlavə edilməsi işçilərin əmək hüquqlarının qorunması və onların daha yüksək maaşla təmin olunması baxımından vacib idi. Bəzi hallarda həmin günlərdə iş müddəti tam iş günü deyil, müəyyən saatları əhatə edir”.

Deputat həmçinin qeyd edib ki, dəyişiklik bu hallarda praktikada da işçilərə hər saata görə əlavə maaş ödənilməsinə şərait yaradacaq: “Əgər işçinin saatlıq tarifi 30 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam edibsə və 4 saat əlavə işdə olubsa, həmin saatlara görə 120 manat deyil, ən azı 240 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bu, maaş ödənişlərinin beynəlxalq standartlara uyğunlaşmasına imkan verəcək”.