Azərbaycan və Çin arasında enerji əməkdaşlığı müzakirə edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.
"Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Mey ilə görüşdə iki ölkə arasında enerji sahəsində əməkdaşlığı müzakirə etdik.
Azərbaycanın yerli və beynəlxalq təşəbbüslərində, o cümlədən "yaşıl enerji" ilə bağlı layihələrdə Çin şirkətlərinin iştirakı ilə bağlı fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, Azərbaycanla Çin arasında əsas əməkdaşlıq istiqamətlərindən biri enerji sektorudur. Enerji sahəsində əməkdaşlıq təkcə investisiya layihələri ilə məhdudlaşmır, həm də ölkənin dayanıqlı inkişaf strategiyasının əsas sütunlarından birinə çevrilir. Artıq deyə bilərik ki, Azərbaycan–Çin enerji əməkdaşlığı ənənəvi enerji sahəsindən kənara çıxaraq yaşıl keçid mərhələsinə daxil olub. Bu, həm Azərbaycanın 2030 və 2050 iqlim hədəflərinə, həm də Çinin qlobal yaşıl texnologiya ixracı strategiyasına uyğundur. “Xızı–Abşeron” Külək Elektrik Stansiyası (KES) və Qobustan Günəş Elektrik Stansiyası (GES) kimi layihələr Çin şirkətlərinin təkcə podratçı deyil, texnologiya və maliyyə tərəfdaşı rolunda çıxış etdiyini göstərir.
Azərbaycan–Çin iqtisadi əməkdaşlığının mühüm istiqamətlərindən biri də sənaye və "yaşıl enerji" texnologiyalarının lokallaşdırılmasıdır. Bu baxımdan, Ələt Azad İqtisadi Zonası (ƏAİZ) iki ölkə arasında sənaye tərəfdaşlığının yeni platformasına çevrilir. Zonada rəsmi qeydiyyatdan keçən ilk Çin şirkəti olan "Sunsync" burada günəş paneli istehsalı müəssisəsi yaratmağa hazırlaşır.
Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Trend-ə müsahibəsində bildirib ki, şirkət ilk mərhələdə qabaqcıl texnologiyalarını Azərbaycana gətirərək ƏAİZ-də 23 hektarlıq ərazidə günəş paneli istehsalı müəssisəsi quracaq. Onun sözlərinə görə, istehsal ediləcək məhsulların əsas hissəsi ixraca yönəldiləcək və məqsəd təkcə daxili bazarı deyil, beynəlxalq bazarları da əhatə etməkdir.
"İlk gündən məqsəd ondan ibarətdir ki, tək Azərbaycan bazarı yox, dünya bazarına çıxaq. Ələt Azad İqtisadi Zonasında istehsal olunacaq günəş panellərindən burada fəaliyyət göstərəcək müəssisələrin dam örtüklərində istifadə etməyi investorlara tövsiyə edirik. Eyni zamanda şirkət Azərbaycanda keçiriləcək bütün müvafiq tenderlərdə də iştirak edə biləcək", – deyə Valeh Ələsgərov bildirib.
O qeyd edib ki, "Sunsync" istehsala başladıqdan sonra Azərbaycanda günəş elektrik stansiyaları inşa edən şirkətlər üçün panellərin ölkə daxilindən təmin edilməsi həm logistika, həm də xərc baxımından daha əlverişli olacaq.
"Biz şirkətə Ələt Azad İqtisadi Zonasında günəş elektrik stansiyası tikmək üçün də ərazi təklif etmişik. Beləliklə, burada istehsal ediləcək panellərdən istifadə etməklə tikilən stansiyada istehsal olunacaq 'yaşıl enerji'nin ƏAİZ-də fəaliyyət göstərən müəssisələrə satılması imkanı yarana bilər", – deyə o əlavə edib.