“Özbəkistandan Azərbaycana turist səfərlərində artım müşahidə olunur. Ölkəmizi 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min, 2026-cı ilin yanvar-avqust aylarında isə 44 min Özbəkistan vətəndaşı ziyarət edib”.
Liderxeber.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.
O, Azərbaycanla Özbəkistan arasında qardaşlaşmış şəhər təşəbbüslərinin xüsusilə əhəmiyyətli olduğunu vurğulayıb: “Regionlararası əməkdaşlığın uğurlu inkişafını xüsusi qeyd etmək olar. Bakı-Daşkənd, İsmayıllı-Riştan, Şuşa-Xivə, Lənkəran-Buxara, Şəki-Kokənd, Biləsuvar-Termez, Mingəçevir-Namanqan, Füzuli-Gülüstan, Quba-Cizak və Beyləqan-Şəhrisəbz şəhərləri arasında qardaşlaşmış şəhər və tərəfdaşlıq münasibətləri qurulub. Naxçıvan və Ürgənc arasında yaxın vaxtlarda qardaşlaşmış şəhər münasibətlərinin qurulması planlaşdırılır. Bu gün xalqlarımızı daha da yaxınlaşdıran, ortaq tarixi, mədəni və mənəvi dəyərləri qoruyan, gələcək nəsillər arasında dostluğu və qarşılıqlı etimadı gücləndirən əməkdaşlıq üçün mühüm platformalardan biri olan Azərbaycan ilə Özbəkistan arasında qardaşlaşmış şəhər təşəbbüsləri xüsusilə əhəmiyyətlidir”.