Вернуться назад Распечатать

20 min manatlıq limitlə bağlı yenidən dəyişiklik ediləcək - Yenilənib

Azərbaycanda elektron pul köçürmələrinin Maliyyə Monitorinqi Xidmətinə (MMX) hesabatlılıq mexanizmi yenilənir.

Liderxeber.az xəbər verir ki, MMX-nin İdarə Heyətinin sədri Zaur Fətizadə tərəfindən cari ilin 21 aprel tarixində imzaladığı qərara əsasən, maliyyə qurumlarının elektron pul transferləri barədə quruma məlumat ötürmə qaydasında dəyişiklik edilib.

Belə ki, “Çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə karşı mübarizə haqqında” qanunvericiliyə uyğun olaraq, müəyyən edilmiş limitdən yuxarı əməliyyatların sənədləri MMX-yə təqdim olunmalıdır.

Yeniliyə əsasən, göstərici məbləğ dəyişməyərək 20 000 manat (və ya xarici valyutada onun qarşılığı) səviyyəsində qalsa da, hesablanma prinsipi fərqlənəcək. Artıq bu limit bir təqvim ili çərçivəsində tətbiq ediləcək və müştərinin il ərzində edəcəyi hər bir növbəti elektron köçürmə əməliyyatına şamil olunacaq.

Hüquqi şəxslərin benefisiarları ilə bağlı tələb: Monitorinqə cavabdeh qurumlar mövcud hüquqi şəxs olan müştərilərinin son benefisiar mülkiyyətçiləri barədə məlumatları 2027-ci il dekabrın 31-dək Xidmətə göndərməlidirlər.

Yeni qaydalar oktyabrın 1-dən etibarən hüquqi qüvvəyə minir.

***

MMX-dan APA-ya verilən məlumata görə, Maliyyə Monitorinqi Xidməti (MMX) “Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən məlumat və sənədlərin Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi Qaydası”na yenidən dəyişiklik edəcək.

Qeyd edilib ki, hazırda qaydalara dəyişiklik layihəsinə yenidən baxılır və daha effektiv mexanizmin tətbiqi məqsədilə müvafiq düzəlişlər hazırlanır.

Bildirilib ki, layihə MMX rəhbərliyinə təqdim ediləcək və qısa müddətdə qəbul olunması nəzərdə tutulur.

Xidmətdən vurğulanıb ki, yenidən baxılan məsələlər sırasında 20 min manatdan yuxarı elektron köçürmələr üzrə maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməsi mexanizmi də yer alır.

Xatırladaq ki, oktyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, müştərinin bir təqvim ili ərzində elektron köçürmələrinin ümumi məbləği 20 min manata çatdıqdan sonra hər növbəti elektron köçürmə barədə Maliyyə Monitorinqi Xidmətinə məlumat təqdim edilməsi nəzərdə tutulur.

Sözügedən mexanizm ictimaiyyətdə müzakirələrə səbəb olub. Belə ki, 20 min manatlıq illik hədd aylıq orta hesabla təxminən 1 667 manata uyğun gəlir və bu hədd keçildikdən sonra sonrakı elektron köçürmələrin MMX-yə təqdim edilməsi ilə bağlı yanaşma birmənalı qarşılanmayıb.