Вернуться назад Распечатать

Azərbaycan bölgələrində sertifikatlı toxum satışı təşkil ediləcək

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) "Aqroservis" ASC-nin Neftçala, Ucar, Sabirabad və Şəki bölmələrində, həmçinin İsmayıllı rayonunda "İvanovka Aqroparkı"nın ərazisində sertifikatlı toxum satışı təşkil edəcək.

Satış Neftçalada noyabrın 3-dən, Ucarda 4-dən, Sabirabadda 5-dən, Şəki və İsmayıllıda isə 6-dan etibarən keçiriləcək. Fermerlərə müxtəlif sortlarda sertifikatlı arpa və buğda toxumları təqdim ediləcək.

Satış məntəqələrinin yaradılması zamanı rayonların əkin sahələrinin həcmi, mövcud toxum satışı və fermerlərin tələbatı nəzərə alınıb. Əkin sahələri geniş, lakin toxum satışının məhdud olduğu rayonlara üstünlük verilməsi fermerlərin toxumla təminatını asanlaşdıracaq, onların vaxt və nəqliyyat xərclərinə qənaət etməsinə, eləcə də ehtiyac duyduqları toxumları yaşadıqları bölgələrdə daha rahat əldə etmələrinə imkan yaradacaq.

Qeyd edək ki, toxum istehsalçıları barədə məlumatlar AXA-nın rəsmi veb-saytında da yerləşdirilib. Məlumatlarda istehsalçıların adı, əlaqə nömrəsi, istehsal etdikləri bitki növü və sortu, toxumun reproduksiyası, eləcə də fəaliyyət göstərdikləri rayon əks olunub. Bu məlumatlar fermerlərə ehtiyaclarına uyğun sertifikatlı toxum istehsalçılarını seçmək və onlarla birbaşa əlaqə saxlamaq imkanı yaradır.

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda toxumla özünütəminat səviyyəsinin yüksəldilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Bu istiqamətdə fermerlərin keyfiyyətli və sertifikatlı toxumlara əlçatanlığının artırılması, xüsusilə toxum təminatının məhdud olduğu rayonlarda satış imkanlarının genişləndirilməsi məqsədilə AXA "Aqroservis" ASC ilə birgə bölgələrdə satış tədbirləri həyata keçirir.

AXA-nın bu istiqamətdə həyata keçirdiyi tədbirlər toxumla təminat imkanlarının genişləndirilməsinə, sertifikatlı toxum istifadəsinin təşviqinə, kənd təsərrüfatında məhsuldarlığın artırılmasına və aqrar xidmət infrastrukturunun bölgələrdə gücləndirilməsinə xidmət edir", - məlumatda deyilir.