Bu gün Vaqif Mustafazadənin anım günüdür
Bu gün Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür. O, 44 il bundan öncə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.
LiderXəbər xəbər verir ki, V.Mustafazadə Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun musiqi stili "Caz-Muğam" adlanır. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.
1940-cı ildə Bakı şəhərində anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada kiçik konsertlər verib, klublarda çıxış edib, əsasən, klassik caz, bluz və oynaq mahnılar ifa edib.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə, “Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub.
Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən bizə doğma ad çəkilir. Azərbaycan, Vaqif Mustafazadə. Monako caz festivalından Vətənə “Ağ royal” mükafatı ilə qayıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış “Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.
Hər il anım günü silsilə tədbirlərlə qeyd olunan Əməkdar incəsənət xadimi Vaqif Mustafazadə bu gün də musiqisevərlər tərəfindən yad olunacaq və Heydər Əliyev Mərkəzində Vaqif Mustafazadəyə həsr olunan konsert keçiriləcək.