Sumqayıt Tibb Mərkəzi şəhid hərbi tibb qulluqçusu haqqında film çəkdi
Vətən müharibəsi şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olan hərbi tibb qulluqçusu Abdullayev Eldar Firuddin oğlu haqqında “Şəhidlər evə qayıdır” adlı qısametrajlı bədii-sənədli film çəkilib.
Liderxeber.az xəbər verir ki, film Sumqayıt Tibb Mərkəzinin təşəbbüsü və dəstəyi ilə ərsəyə gəlib.
Filmdə şəhidin ailə üzvləri, dostları onun keçdiyi həyat yolu haqqında danışıb, şəhidlə bağlı xatirələrini bölüşüblər. Ekran əsərinin ssenari müəllifi Hafiz Ataxanlı, rejissoru Sahil Nəzərov və prodüseri Ramil Zeynallıdır.
Qeyd edək ki, Eldar Abdullayev 1982-ci il iyulun 23-də Sumqayıt şəhərində anadan olub.
Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanından tibbi yardım göstərib.
E. Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Filmin Yutub linki: https://www.youtube.com/watch?v=ivQuioL2sGE