Füzuli teatrında yeni tamaşanın məşqlərinə başlanıb
Füzuli Dövlət Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanıb.
Liderxeber.az xəbər verir ki, Yazıçı-dramaturq Qafar Cəfərlinin “Şəhid bayrağı” pyesi əsasında hazırlanan eyni adlı tamaşanın quruluşçu rejissoru Emil Əskərov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadə, rejissor assistenti Gülgəz Soltanovadır.
Tamaşada əsas rolları Emin Abışov, Sehran Xanlarov, İntizar Quliyeva,Gülgəz Soltanova, Qorxmaz Qarayev, Elçin Məmmədov, Sevinc Məmmədova, Şəlalə Nəsirova, Günay Çobanzadə, Vüqar Babayev, Əli Hüseynov, Qəlbinur Əhmədli, Zamin Quliyev, Elza Vəliyeva, İlham Soltanov ifa edirlər.
Tamaşa xalqımızın 44-günlük Vətən müharibəsində keçdiyi şanlı zəfər yolundan bəhs edir.
Əsərdə hadisələr cəbhədən uzaqda, döyüş getməyən bölgələrin birində cərayan etsə də burada müharibə və onun dəhşətləri bütün çılpaqlığı ilə hiss olunur. Uzun illər ərzində düşmən tapdağında qalan Vətən torpaqlarımızın işğaldan azad olunması üçün xalqımızın bir nəfər kimi Müzəffər Ordumuzun və onun Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməsi və sonda möhtəşəm Zəfərin qazanılması tamaşanın əsas ideyasını təşkil edir.
Əsgər və zabitlərimizin qəhrəmanlığı, müharibə dəhşətləri və bu zəmində insanlarımızın Vətənə, torpağa olan bağlılığı, oğullarımızı qələbədən-qələbəyə aparan üçrəngli şanlı bayrağımıza olan sonsuz sevgi təsirli dialoqlar, real həyat səhnələri, tamaşaçıları intizarda saxlayan gözlənilməz hadisələr tamaşanı daha maraqlı və baxımlı edir.
Noyabr ayının sonuna qədər səhnə əsərinin tamaşaçılara təqdim olunması nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Emil Əskərov Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissorudur.