Samid Bağırovun Şah İsmayılın həyatından bəhs edən kitabı nəşr edildi

2024-cü il Azərbaycanın görkəmli dövlət xadimi, mütəfəkkiri və şairi Şah İsmayıl Səfəvinin vəfatının 500 illiyinə təsadüf edir.
Bu ildə o görkəmli şəxsiyyətin həyatı və siyasi fəaliyyətini işıqlandırmaq, habelə yaradıcılığı və mirasını qoruyub saxlamaq istiqamətində bir sıra elmi tədbirlər keçirilib və bəzi əsərlər ərsəyə gətirilib.
Bu sırada AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi Samid Bağırovun Şah İsmayılın həyat fəaliyyətindən bəhs edən “Şah İsmayılın həyatı (“Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərləri əsasında)” monoqrafiyası çapdan çıxıb.
Əsərin səfəvişünaslığa gətirdiyi yenilik şahın həyatını ən erkən iki Səfəvi qaynağına əsasən araşdırmaqdır. Belə ki, sözügedən iki əsər, yəni “Fütuhati-şahi” və “Həbibüs-siyər” Azərbaycan səfəvişünaslığında müstəqil və geniş şəkildə tədqiqata cəlb edilməmişdi. Habelə Şah İsmayılın həyatını adıkeçən iki əsərə əsasən araşdırmağın bir özəlliyi də onları yazan münşilərin daha obyektiv mövqeləridir. Belə ki, sözügedən iki əsərin müəllifləri Qiyasəddin Xandəmir və İbrahim Əmini Hərəvi Səfəvi sarayına gəlmədən öncə Teymuri dövləti sarayında müxtəlif vəzifələri daşıyıblar. Demək olar ki, onların dini, siyasi və məzhəbi düşüncələri Səfəvi sarayında deyil, Teymuri dövləti sarayında formalaşıb.
Monoqrafiya giriş, 8 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. 1-ci fəsildə “Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərlərinin elmi dəyəri göstərilir. 2-ci fəsildə Səfəvilərin soy kökündən bəhs edilir. 3-cü fəsildə Şah İsmayılın təriqətdən hakimiyyətə gedən yoluna nəzər salınır. 4-cü və 5-ci fəsildə Şah İsmayılın fəth etdiyi ərazilərdən, 6-cı fəsildə Osmanlı dövləti ilə münasibətlərindən, 7-ci fəsildə Çaldıran döyüşündən sonrakı vəziyyətdən, sonuncu fəsildə isə erkən Səfəvi dövründə dindən bəhs edilir.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

16 may 2024, Cümə axşamı
Şah İsmayıl Xətainin fəaliyyəti və yaradıcılığına dair elmi sessiya keçirilib

20 fevral 2024, Çərşənbə axşamı
AMEA-nın elmi işçisi Samid Bağırov tərəfindən “Əl-tac fi əxlaq əl-mülük” əsəri tərcümə edilib