Yasamal rayonu Zülfü Adıgözəlov küçəsi, 120 ünvanında yerləşən tikilinin (İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyi bina - red.) tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq reyestrə daxil edilməsi məsələsinə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclasında baxılıb və şura üzvləri tərəfindən müsbət qərar verilib.
Liderxeber.az xəbər verir ki, bu barədə sorğuya cavab olaraq Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, sözügedən tikili ilə bağlı qanunvericiliyə uyğun olaraq, rəy alınması üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət olunacaq.
Qədim binanın mədəni abidələr siyahısına salınıb-salınmaması AMEA-nın rəyindən sonra bəlli olacaq.
Qeyd edək ki, bir müddət əvvəl mediada 103 yaşlı Əbilov klubunun (İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi - red.) tarixi, onun yerləşdiyi binanın yaşının iki əsrdən artıq dövrü əhatə etməsi, memarlıq üslubu və mənəvi əhəmiyyəti barədə araşdırma xarakterli yazı yayımlanmışdı. Tikilinin tarixi və memarlıq əhəmiyyətini nəzərə alaraq, həmin reyestrə daxil edilməsi üçün yeni aşkar edilmiş abidə qismində qeydə alınması və sözügedən məsələyə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclaslarında baxılması üçün təqdim olunacağı ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən verilən məlumat da həmin yazıda əksini tapmışdı. Ekspertlər Şurasının müsbət rəyi AMEA tərəfindən təsdiqləndiyi halda binanın sökülmə təhlükəsi aradan qalxacaq.
Xatırladaq ki, Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramının icrası çərçivəsində ilk növbədə Yasamal rayonunda "Sovetski"nin növbəti hissəsi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ətrafı (sağ istiqamətdə), Nizami küçəsi ilə Təzəpir məscidi arasındakı ərazilərdəki köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya xətləri söküləcək, köçürüləcək sakinlərə müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcək.