Вернуться назад Распечатать

Dövlət teatrlarındakı islahatlarla bağlı nazirlikdən - Açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb. Bu islahatlar çərçivəsində teatrların əsasnamələri, idarəetmə strukturları və ştat cədvəlləri yenilənərək müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılıb.

Liderxeber.az xəbər verir ki, Mədəniyyət Nazirliyi dövlət teatrlarındakı islahatlarla bağlı yaranan suallara aydınlıq gətirib. 

Bildirilib ki, bu qərar vəzifələrin formal mövcudluğundan deyil, funksional effektivliyinə əsasən qəbul olunub:

“Daxil edilməyən vəzifələrin funksiyaları daha çevik və nəticəyönümlü idarəetmə modeli çərçivəsində yenidən bölüşdürülüb. Həmin funksiyalar kollegial idarəetmə prinsipləri əsasında və yeni yaradılmış struktur bölmələri vasitəsilə həyata keçiriləcək. Məqsəd qərarların bir nəfər üzərində cəmlənməsi deyil, kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizminin formalaşdırılmasıdır.

Yenilənmiş strukturda teatrların fəaliyyətinin daha sistemli təşkili üçün strategiya və kommunikasiya şöbəsi, yaradıcı şöbə, artist heyətinin idarəedilməsi və digər funksional bölmələr yaradılıb. Bu bölmələr teatrın həm yaradıcılıq, həm də təşkilati fəaliyyətinin daha effektiv idarə olunmasına xidmət edir”.

Həmçinin qeyd olunub ki, hazırda teatrların bədii rəhbər vəzifələrində çalışan şəxslər yeni struktur çərçivəsində fəaliyyətlərini davam etdirə bilərlər. Onlar teatr direktorlarının təqdimatı və təsdiqi ilə quruluşçu rejissor, yaradıcı şöbə müdiri və ya digər müvafiq vəzifələrə təyin oluna bilərlər.

Vurğulanıb ki, bu islahatlar ixtisar və ya kütləvi ştat azaldılması demək deyil. İslahatların məqsədi hər hansı ştatın mexaniki şəkildə ləğvi deyil. Əsas hədəf effektiv işləməyən və ya zəif fəaliyyət göstərən idarəetmə mexanizmlərinin müasir tələblərə uyğun şəkildə yenilənməsidir.