Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçiriləcək “Bakı Marafonu 2026” idman hadisəsi olmaqla yanaşı, maraqlı əyləncə proqramı ilə də yadda qalacaq.
Liderxeber.az xəbər verir ki, marafonun start nöqtəsi - Dövlət Bayrağı Meydanı, finiş nöqtəsi isə Sea Breeze ərazisi olacaq. Hər iki nöqtədə konsert proqramı təqdim ediləcək.
Builki marafon əvvəlki illərdən təkcə qaçışın 42 kilometrlik məsafəni əhatə etməsi ilə deyil, əyləncənin miqyası ilə də fərqlənəcək. Bu il start nöqtəsinin fan zonasında həm qaçışçılar, həm də yarışı izləməyə gələn qonaqlar üçün axşam saatlarınadək maraqlı anlar yaşadılacaq.
Startdakı fan zonada açıq havada sevilən ifaçıların iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunacaq. “Qaçmasan da, əyləncəni qaçırtma” şüarı ilə təşkil edilən konsert izləyicilərə yaddaqalan bir gün vəd edir.
Konsertdə xalq artistləri Aygün Kazımova, Tünzalə Ağayeva, əməkdar artistlər Lalə Məmmədova, Manana, həmçinin Avroviziya təmsilçilərimiz Dilarə Kazımova, Eldar Qasımov, Nadir Rüstəmli, Nigar Camal, Samira Əfəndi çıxış edəcək. Səhnədə Azad Şabanov, Ceyhun Zeynalov (Cin), Elnarə Xəlilova, Emiliya Yaqubova, Fərid Eminov (Qurd), Xatirə İslam, İlqarə Kazımova, İradə İbrahimova, Kazım Can, Mehin Hümbətova, Mətin Hüseynzadə (MadTeen), Hiss, Rilaya, Samira Ali Maryam, Sevanna, “Cahan”, “Naz Girls”, “Şeron” qrupları, DJ China (Çingiz Mustafayev) və digərlərinin ifaları səslənəcək.
Finiş nöqtəsi - Sea Breeze ərazisində də qaliblərin mükafatlandırma mərasimi DJ və musiqi qruplarının çıxışları ilə müşayiət olunacaq.
“Bakı Marafonu 2026”nın əyləncə proqramı üzrə media tərəfdaşları Xəzər TV, Araz FM, Xəzər FM və Azərbaycan Televiziyası – AzTV-dir.
Marafonun finiş nöqtəsində də səhər saatlarından etibarən idmançıları və ziyarətçiləri əyləncə proqramı gözləyir: Dj Came, Meri Band, Ellai, maskotlar, maraqlı foto zonalar, finişə çatan iştirakçıları qarşılayan könüllülər marafon qaliblərinin və onları dəstəkləməyə gələnlərin ovqatını daha da yüksəlcədəcək, mükafatlandırma mərasimini daha dinamik edəcək.
42 kilometr məsafəni qət edəcək ilk 3 yerin kişi və qadın qaliblərinin hər biri sertifikat və pul mükafatları ilə təltif olunacaq.
1-ci yer sahibinə 6 000 AZN, 2-ci yerin qalibinə 4 000 AZN, finişə 3-cü çatan iştirakçıya isə 2 000 AZN pul mükafatı təqdim ediləcək. Bundan əlavə, 42 km məsafəni tamamlayan bütün iştirakçılara medallar veriləcək.
Daha qısa məsafəni qət edən iştirakçıların da mükafatlandırılması qərara alınıb. Belə ki, 42 km məsafənin öhdəsindən gələ bilməyib 21 km yarı marafon məsafəni qət edən ilk 2000 iştirakçı medal, 10 km məsafəni tamamlayanlar isə sertifikatlarla təltif olunacaq.
Bundan başqa finişə ilk çatan qız və oğlan tələbə, finiş xəttini keçən ilk korporativ qadın və kişi iştirakçı, finiş xəttini keçən ilk ən yaşlı qadın və kişi iştirakçılar mükafatlandırılacaq.