Bu gün Füzuli Dövlət Dram Teatrının 2026-cı il repertuarında olan Failə Nəbiyevanın " Bu gün ölmək qadağandır" komediyası əsasında hazırlanmış tamaşanın ictimai baxışı oldu.
Liderxeber.az xəbər verir ki, tamaşanın quruluşçu rejissoru əməkdar artist Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir.
Tamaşada rolları İntizar Quliyeva, Qaçaq Qarayev, Əli Hüseynov, Vüqar Babayev, Gülgəz Soltanova, Asif Şirinov, Günay Çobanzadə, Sahilə Abbasova, Vüsal Həsənov, Elçin Məmmədov ifa ediblər.
Tamaşa milli-mənəvi dəyərlər, adət-ənənələr və gənclərin xoşbəxtlik arzusu fonunda cərəyan edən maraqlı, yumorla zəngin hadisələrdən bəhs edir. Əsərin mərkəzində bir-birini sevən iki gəncin ailə qurmaq istəyi dayanır. Lakin onların xoşbəxtliyə gedən yolu gözlənilməz maneələrlə üzləşir. Beləliklə, gənclərin arzuları dəfələrlə yarımçıq qalır və hadisələr həm dramatik, həm də komik çalarlarla inkişaf edir.
Yumor və həyat həqiqətlərinin vəhdəti tamaşaçılara həm xoş əhval-ruhiyyə bəxş edir, həm də ailə dəyərləri, qarşılıqlı anlayış və böyüklərin xeyir-duasının əhəmiyyəti haqqında dərin mesaj verir.