Qax rayonunun İlisu kəndində regionda ilk dəfə "İLİSOUND Moto & Rock" Festivalı keçirilib.
Uludağ İstirahət Mərkəzində təşkil olunan festival motosiklet mədəniyyətini, rok musiqisini, turizmi və müasir əyləncə formatlarını bir araya gətirərək Qaxın mədəni və turizm potensialının təbliğinə yönəlmiş əhəmiyyətli layihələrdən biridir.
Festivalın əsas məqsədi Qax rayonunun, xüsusilə də İlisu kəndinin turizm imkanlarının daha geniş auditoriyaya tanıdılması, regionda müasir mədəni tədbirlərin və musiqi festivallarının keçirilməsi ənənəsinin formalaşdırılması, gənclər və yaradıcı insanların bir araya gətirilməsi, gələcəkdə daha böyük miqyaslı layihələrin həyata keçirilməsi, eləcə də motosiklet və rok musiqisi mədəniyyətinin bölgədə inkişafına töhfə verməkdir.
Tədbirdə "Horeca", "Uludağ", "Monte Ferro", "Qaxsuyu", "Qaxstore" və Azərbaycan Motohəvəskarlar və Motoklublar assosiasiyasının təşkilatçılığı çərçivəsində 50-dən çox motosikletin iştirakı ilə xüsusi "Moto Zone" yaradılıb. Gün ərzində festival iştirakçıları müxtəlif əyləncə proqramlarında və interaktiv fəaliyyətlərdə iştirak edib, müxtəlif iaşə məkanlarının təqdim etdiyi təamlarla tanış olublar.
Festivalın musiqi proqramı saat 20:00-da başlayıb. Səhnədə Azərbaycanın ilk rok ifaçılarından biri kimi tanınan İntiqam Kərimov, Fərid Mərd, Cəsur Yuxu qrupunun keçmiş solisti və Dərviş Band çıxış ediblər.
Musiqi proqramı festivalın əsas konsepsiyasını təşkil edən rok musiqisinin enerjisini və canlı ifa mədəniyyətini tamaşaçılara təqdim edib.
"İLİSOUND" festivalı Qaxın yalnız təbii və tarixi turizm imkanları ilə deyil, eyni zamanda müasir mədəniyyət, musiqi və müxtəlif yaradıcı layihələr üçün də əlverişli məkan olduğunu nümayiş etdirib.
Festivalın keçirilməsi İlisu kəndinin daha geniş auditoriyaya tanıdılmasına, Qaxın turizm potensialına diqqətin artırılmasına və regiona yeni ziyarətçi auditoriyasının cəlb olunmasına öz töhfəsini verib.
