Вернуться назад Распечатать

Azərbaycan milli mətbuatı 150 yaşında

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 150 il ötür.

Liderxeber.az xatırladır ki, ölkədə ilk mətbu orqanın əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Zamanında böyük risklərə baxmayaraq, Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməyə nail oldu. O dövrdə bu, təkcə qəzet çıxarmaq deyildi, həm də xalqı oyatmaq, maarifləndirmək, düşüncəyə təkan vermək idi. Ana dilində ilk mətbu orqan olan "Əkinçi" cəmi iki il yaşasa da, 56 nömrəsi ilə bütöv bir dövrün güzgüsünə çevrildi.

Təəssüf ki, maarifçilik missiyası çar rejimi üçün "təhlükəli ideya" kimi qiymətləndirildi və qəzetin ömrü yarımçıq qaldı. Amma bu başlanğıc artıq dönüşü olmayan bir yol açmışdı - Azərbaycan mətbuatı doğulmuşdu.

Sonrakı onilliklərdə, müxtəlif çətinliklərə baxmayaraq, mətbuat xalqın ruhunu, mübarizəsini, düşüncəsini ifadə etməyə davam etdi. Xüsusən də 1998-ci ildə senzuranın ləğvi ilə söz azadlığı daha real məna kəsb etməyə başladı.

Müstəqillik illərində mətbuat da azad düşüncənin və milli kimliyin daşıyıcısına çevrildi. Bugünkü Azərbaycan mediası yüzlərlə qəzet, jurnal və xəbər platforması ilə həm informasiya cəbhəsində, həm də ictimai rəyə təsirdə mühüm rol oynayır.

2020-ci ilin payızında, 44 günlük Vətən müharibəsi zamanı jurnalistlərin fəaliyyəti bir daha sübut etdi ki, bu peşə yalnız qələm tutmaqdan ibarət deyil. Azərbaycan mediasında fəaliyyət göstərən jurnalistlər ön cəbhədəki əsgərlər qədər riskə gedərək qələbə tariximizin canlı şahidlərinə və sözün həqiqi mənasında qəhrəmanlarına çevrildilər.

Dövlət başçısı 2025-ci il fevralın 20-də "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiqləyib.

Həmçinin "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə", eləcə də yubiley medalının təsviri təsdiq olunub.

"Azərbaycan Milli Mətbuatının 150 illiyi (1875-2025)" Azərbaycan Respublikasının yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya mətbuatla əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Liderxeber.az bütün həmkarlarını peşə bayramı münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır!