Türkiyəli müğənni “Güllü”nün (Gül Tut) ölümü ilə bağlı yeni detallar üzə çıxıb.
Liderxeber.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aparılan istintaq çərçivəsində onun qızı Tuğyan Ülkem Gülter və hadisə günü eyni otaqda olduğu deyilən rəfiqəsi Sultan Nur Ulu ölkədən qaçmağa hazırlaşarkən saxlanılıblar.
Səs yazıları ilə bağlı aparılan araşdırma hadisənin qətl ola biləcəyi şübhəsini gücləndirib. Səs qeydlərində Tuğyan Ülkem Gülterin Güllüyə “Səni indi atacağam” dediyi, daha sonra “Görüşərik, bay-bay” ifadəsini işlətdiyi müəyyənləşib.
Belə ki, evdəki təhlükəsizlik kamerasındakı səs yazılarının araşdırılması zamanı hadisənin mahiyyəti daha aydın olub.
Araşdırmalarda “İndi səni atacağam” ifadəsi xüsusi texnika ilə dəqiqləşdirilib və bu sözləri Güllünün qızı Gülterin dediyi müəyyən edilib. İstintaqa görə, hadisə günü Gülter, rəfiqəsi Ulu və çox miqdarda spirtli içki qəbul edən Güllü eyni evdə olublar. Güllü digər otaqda pəncərəni açıb. Ardınca Güllünün sevdiyi roman havası “Malkara” eşidilib. Güllü musiqini eşidincə “O nədir?” deyərək otağa keçib. Orada Tuğyanın “İndi səni atacağam” deməsindən sonra baş verən qarşıdurma nəticəsində Güllünün pəncərədən düşdüyü qeyd edilib.
.png)
Bir neçə gün öncə isə Güllünün qızı Gülter və dostu Ulu axşam saat 21:45-də çamadanlarla birlikdə dostlarının yaşadığı binadan çıxıblar. Onlar çamadanları avtomobilə yükləyərkən “planlı şəkildə adam öldürmə” şübhəsi ilə saxlanılıblar. Ulunun atası Arif Ulu da istintaq çərçivəsində şübhəli şəxs qismində saxlanılıb.
Şübhəlilərin Gürcüstan üzərindən ölkədən çıxmağı planlaşdırdıqları təsdiqlənib.
İstintaq sənədlərindəki ekspert rəyində, səs qeydləri və texniki izləmə nəticələrində “planlı şəkildə qətl” ehtimalını gücləndirən güclü və konkret dəlillərin olduğu, işdə gizli şahid olmadığı və araşdırmanın yalnız faktiki sübutlara əsaslandığı bildirilib.
Qeyd edək ki, 52 yaşlı müğənninin qızı onu öldürməkdə ittiham olunur.
Xatırladaq ki, tanınmış müğənni sentyabrın 26-sı evinin eyvanından yıxılaraq həyatını itirib. Sənətçi arabesk janrındakı “Her şeyim oldun”, “Sabah olmadan”, “Bendeki sen” və “Varlığın yeter” kimi mahnıları ilə məşhurlaşıb.



