Вернуться назад Распечатать

Namiq Dəlidağlının sözünün və şəxsiyyətinin portreti - YENİ NƏŞR

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tanınmış jurnalist, istedadlı şair Namiq Dəlidağlının “Namiq Dəlidağlı – Sözdə görünən adam” (fikirlərin toplusu: portret cizgiləri) kitabı işıq üzü görüb. Jurnalist-filoloqun 55 illik yubileyi münasibətilə nəşr olunan 368 səhifəlik kitab artıq oxuculara təqdim edilib. 

Kitabın redaktoru istedadlı şair, Prezident təqaüdçüsü Sevinc Qəribdir. 

Nəşrdə Namiq Dəlidağlının yaradıcılığına həsr olunan ədəbi-tənqidi məqalələr, təhlil yazıları, doğmalarının və dostlarının onun haqqında fikirləri, eləcə də şairlə müxtəlif illərdə aparılmış müsahibələr və ona ithaf olunmuş şeirlərin bir qismi yer alıb.

Beş bölmədən ibarət kitabın:

• “Fikirlərin ünvanı” adlı birinci bölməsində şairin yaradıcılığını təhlil edən ədəbi-tənqidi yazılar toplanıb.

• “Görün, dostlar nə deyir...” adlı ikinci bölmədə müəllifin doğmalarının və dostlarının onun haqqında düşüncələri təqdim olunub.

• “Sual verdilər ki...” adlı üçüncü bölmədə müxtəlif dövrlərdə Namiq Dəlidağlı ilə aparılmış ədəbi müsahibələr yer alıb.

• “Misralarda göründüm” adlı dördüncü bölmədə ona ithaf edilən poetik nümunələr toplanıb.

• “Şəkillərdə qalan vaxt” adlı beşinci bölmədə isə şairin həyatının müxtəlif məqamlarını əks etdirən fotolar verilib. 

Dəyərli qələm adamlarından Ağa Laçınlı, Məmməd Namaz, Vaqif Yusifli, Rafiq Yusifoğlu, Rəhman Orxan, Əli Rza Xələfli, Hüseyn Şahbəndəyev, Əli Nəcəfxanlı, Məhəmməd Nərimanoğlu, İlham Məmmədli, Mərziyyə Nəcəfova, Əbülfət Mədətoğlu, Sevinc Qərib, Xaqani Abbasəli Öztürk, Təranə Dəmir, Nazilə Gültac, Afət Şahid, İlhamə Məhəmmədqızı, Rəna Təbəssüm və başqalarının vaxtilə qələmə aldıqları yazılarda sözünün və qələminin işığı Kəlbəcərdən yayılan Namiq Dəlidağlının kökə bağlılığı bir daha təsdiqini tapır. Poeziyasındakı dərdli könül çırpıntıları, ağrıdan doğulan kədərli poetik düşüncələr, qan qoxulu sətirlərdən gül ətri duyulan işıqlı və rəngarəng məqamlar haqqında ətraflı söz açılır. 

Jurnalistika sahəsindəki operativliyi, obyektiv və qərəzsiz mövqeyi, ümumən yaradıcı insan kimi peşəkarlığı yüksək dəyərləndirilir.

Ömrünün yarısını məcburi köçkünlükdə keçirən Namiq Dəlidağlının indiyədək “Ağ gecənin nağılı”, “Otel otağından reportaj”, “Əllidə ələnənlər”, “Sevgi sükutu” (Özbəkistan), “Mən zamana uduzdum” (Qırğızıstan) adlı şeir kitabları nəşr olunub.

O, “Bitməyən ömrün yarımçıq gündəliyi” publisistik toplusunun müəllifi, dörd publisistik kitabın isə həmmüəllifidir.

Layiqli görüldüyü Prezident təqaüdü, “Qızıl qələm” və digər ədəbi-media mükafatları, o cümlədən Qazaxıstanın “Əhməd Yasəvi” mükafatı və Qırğızıstanın “Çingiz Aytmatov – qızıl qələm” medalı onun yaradıcılıq uğurlarının göstəricisidir.

Namiq Dəlidağlı “Manevr.az” MMC, “Çovdar və Şahkərəm” MMC, “Dəlidağ.az” və “Sumqayitfakt.az” saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyi və Azərbaycan Jurnalistlər Birliyi Şərqi Zəngəzur Regional Təşkilatı Kəlbəcər bölməsinin sədridir. Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” xəbər portalının köşə yazarıdır.

Əminliklə demək olar ki, geniş oxucu kütləsi “Namiq Dəlidağlı – Sözdə görünən adam” kitabını da müəllifin digər əsərləri kimi maraqla oxuyacaq və məmnun qalacaq.

Rəna Təbəssüm

AJB və AYB-nin üzvü,

Mahmud Kaşğari mükafatçısı