Pressa.az » Ölkə » “Gömrük dəyərində guya 97 665 manat fərqin olduğunu dedilər”

“Gömrük dəyərində guya 97 665 manat fərqin olduğunu dedilər”

07 may 2025, Çərşənbə, 13:29
“Gömrük dəyərində guya 97 665 manat fərqin olduğunu dedilər”

Azərbaycana Çindən mətbəx qabları, məişət avadanlıqları, tikinti və elektrik malları kimi məhsullar idxal edən “Lion Centre” MMC-nin rəhbəri gömrükçülərin ona süni problemlər yaratdığını bildirir.

Liderxeber.az-a müraciət edən şirkətin direktoru Ramil Aslanov bir müddətdir Bakı Baş Gömrük İdarəsində ölkəyə gətirdiyi məhsulların gömrük dəyərinin doğru hesablanmadığını deyib.

Şikayətçinin sözlərinə görə 2024-cü ildə 4 müxtəlif bəyannamə təqdim edərək ölkəyə Çindən müxtəlif mallar idxal edib: “Lakin 01241000300384, 01241000304074, 01241000401379 və 01241000438393 saylı bəyannamələr üzrə Bakı Baş Gömrük İdarəsinə təqdim etdiyi məhsulların dəyəri düzgün hesablanmayıb. Belə ki, məhsulların dəyərinin hesablanması ilə bağlı prosedurlar mövcud qaydalara uyğun şəkildə icra edilməyib və guya 97 665 manat fərqin ortaya çıxması bildirilib. Mənə dedilər ki, hesablama zamanı Çindən idxal etdiyim məhsullarla bağlı sənədlər alıblar. Eyni zamanda mənə aid olmayan sənədlərin də işə əlavə edilməsi məlum olur. Halbuki həmin malların mənə və təmsil etdiyim şirkətə hər hansı aidiyyəti yoxdur”.

R.Aslanov qeyd edib ki, hər bir bəyannamə üzrə yarana biləcək fərqə görə ayrı-ayrılıqda icraat həyata keçirilməlidir: “Lakin mənə əlavə problemlər yaratmaq məqsədilə Bakı Baş Gömrük İdarəsi qanunsuz olaraq bəyannamələr üzrə hesabladığı fərqi birləşdirərək 97 665 manatlıq fərq formalaşdırıb. Məni cinayət işinin açılması ilə hədələyirlər. Məsələ ilə bağlı artıq aidiyyəti qurumlara teleqramla müraciət etmişəm. Həmçinin prosessual nəzarəti həyata keçirən prokurorluğa şikayət etmişəm”.

İş adamı əlavə edib ki, Gömrük Komitəsindən ona təqdim olunmuş məktubda “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında” Sazişə istinad edilərək sənədlərin Çin Xalq Respublikasından əldə edildiyi göstərilib: “Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov həmin sənədlərə istinad edərək uydurma 97 min manat borc məbləği təyin edib və Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinə göndərib. Sübut əhəmiyyəti kəsb etməyən sənədlərə əsaslanaraq cinayət işi qaldırıb. Ancaq sözügedən sənədlərin heç biri nə mənə, nə də rəhbərlik etdiyim “Lion Centre” MMC-yə məxsus deyil. Bütün bunlar mənə təzyiq məqsədilə edilir”.

Qeyd edək ki, məsələyə hazırda Bakı İnzibati Məhkəməsində baxılır.