Pressa.az » Ölkə » “Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir”

“Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir”

29 may 2025, Cümə axşamı, 16:59
“Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir”

Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqində ilk dünyəvi demokratik respublika olmaqla dövlətçilik tariximizin önəmli hadisəsi kimi yaddaşlara əbədi həkk olunmuşdur.

1918-ci ilin 28 may tarixində təməli qoyulan demokratik dövlətin çox təəssüf ki, uzun müddət yaşaması üçün həmin dövrdə münbit tarixi şərait olmadı. Məlumdur ki, həmin dövr çox çətin, mürəkkəb ictimai-siyasi proseslərin baş verdiyi zaman idi. Belə bir çətin zamanda fəaliyyət göstərdi, üzləşdiyi təqiblərə, sıxışdırılmalara rəğmən dirənməyə çalışdı Azərbaycan Xalq Cümhuriyyəti. Cəmi 23 ay yaşamasına rəğmən böyük tarix yazdı, özündən sonrakı nəsillərə  yüksək dövlətçilik ənənəsi qoydu, ən başlıcası isə Azərbaycanı müstəmləkə əsarətindən xilas etdi. Azərbaycan Xalq Cümhuriyyəti 3 rəngli, ay-ulduzlu bayrağımızı qaldırmağa, gerbimizi, dövlət himnimizi qəbul etməyə, doğma ana dilimizi dövlət dili elan etməyə, milli ordumuzu, daxili gücü-milli polisi yaratmağa, müvəffəq oldu. Tariximizin şanlı salnaməsini yazmış Cümhuriyyət fədailəri çox işlər gördü, Azərbaycanı yaşatmaq üçün çox çətinliklərlə üzləşdi, lakin ərazi bütövlüyümüzü qoruyub saxlaya bilmədi.

Acı həqiqət də olsa deməliyik ki, AXC rəhbərliyi İrəvan quberniyasını ermənilərə güzəştə getməyə məcbur qaldı, xarici və daxili basqılara tab gətirməyərək,  tarixi torpaqlarımızı təhlükə altında qoydu, digər ərazilərimizin də düşmən caynağına keçməsinə səbəbiyyət yaratdı. Danılmaz faktdır ki, İstiqlal tariximiz xalqımızı “İnsanlara hürriyyət, millətlərə istiqlal” coşqusu ilə azadlığa qovuşdurdu. Gələcəyə ümidlə  boylanan xalqımız da, məhz bu tarixin inamı ilə öz yaddaşına qayıtdı. Məhz bu ümumxalq birliyi sayəsində Azərbaycanımız 1991-ci ildə illər uzunu həsrət qaldığı müstəqilliyini yenidən bərpa etdi.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında  sıx birləşən xalqımız, igid övladları sayəsində tarixi Zəfərimizi qazandı, Qalib ordumuzun gücü, qüvvəti və “Dəmir yumruq”la, muasir tariximizin şan və şərəf salnaməsini qızıl hərflərlə yazdı. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətini, onun azərbaycançılıq ideyalarını davam və inkişaf etdirən cənab İlham Əliyev, xalqın dəstəyi və milli birliyi sayəsində müstəqil uğurlu siyasət yürüdərək, “Müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir” devizi ilə dövlətimizin adını və şanını daha da yüksəldir. Düşünülmüş, məqsədyönlü siyasət nəticəsində bu gün, həm daxili, həm də xarici siyasətdə Azərbaycanımız uğurlara imza ataraq, gündən-günə ucalır, inkişaf edir.

Xalıq Ağayev;
Neftçala rayonu