Pressa.az » Ölkə » Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir

Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir

29 may 2025, Cümə axşamı, 17:00
Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir

Azərbaycan xalqı xoşbəxt xalqdır ki, taleyinə bir əsrdə iki dəfə  müstəqillik  əldə etmək,   suveren  dövlət yaratmaq  imkanı yazılıb. Müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Bəli, tarix dəfələrlə bunu sübut edib.

Məhz buna görə gərək sınaqlara hər hazır olasan, hər  bir  əziyyətə  və çətinliyə  dözməyi bacarasan. 1918-ci il 28 ay tarixində Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Şərqdə ilk demokratik Respublika üsul-idarəli dövlətin yaranmasını bütün dünyaya elan etdilər. Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti o zaman özünün dövlət atributlarını -  bayrağını, himnini, gerbini qəbul etdi. Ancaq Cümhuriyyət cəmi 23 ay yaşaya bildi. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili  çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi.  1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və AXC süquta uğradı.İkinci  tarixi  imkan bir  də 70  il  sonra  yarandı.

Sovet  imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa  etmək imkanı  verdi.  1991-ci il oktyabrın 18-də  Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında  “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu.  Bu  mühüm tarixi sənədlə xalqımız uzun  illərdən bəri həsrətində olduğu azadlığına təkrar qovuşdu. Lakin müstəqilliyini qazandıqdan az  sonra xalqımız yenidən  onu  itirmək  təhlükəsi  ilə  üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin  təcavüzü nəticəsində  geniş miqyas almış Birinci Qarabağ  müharibəsi,  digər  tərəfdən  dövlət  rəhbərliyində  olan səriştəsiz  adamların  yeritdikləri  səhv siyasət və daxildə  gedən siyasi  çəkişmələr,  separatçı ideyalar müstəqilliyin  elə ilk addımlarında itirilməsi  təhlükəsini reallaşdırırdı.

Lakin böyük siyasi təcrübəyə  malik  olan Ulu Öndər Heydər Əliyevin xalqımızın xahişi ilə Azərbycanda hakimiyyətə  yenidən qayıdışı ilə Ölkəmizin başı üzərində olan qara buludlar dağıldı. “Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycan dövləti, müstəqil Azərbaycan Respublikası 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətinin varisidir” deyən Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı Azərbaycan Respublikası indi Müzəffər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir. 

Mustafa Əliyev;
Neftçala rayon ziyalısı