Azərbaycan etibarlı tərəfdaş ölkə kimi tanınır

Bu gün Azərbaycan enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət sayəsində dünyada öz sözünü demiş ölkələrdən birinə çevrilib.
Əminliklə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan Əsrin müqaviləsinin imzalanması bugünki qüdrətli Azərbaycanın siyasi və iqtisadi uğurlarının təməlini təşkil edir. Məhz bunun və sonradan reallaşdırılmış meqa layihələrin nəticəsidir ki, hazırda ölkə iqtisadiyyatımız dinamik şəkildə inkişaf edir. Azərbaycan artıq dünya dövlətlərinə neft məhsulları ilə yanaşı, həm də təbii qaz ixrac edən ölkələr sırasında yer almaqdadır.
Xatırlatmaq yerinə düşər ki, artıq Azərbaycanın təbii qazı dünyanın 12 ölkəsinə nəql edilməkdədir. Məhz bu amil özü ölkəmizin beynəlxalq aləmdə nüfuzunun və qüdrətinin artmasına xidmət edir. Məlum olduğu kimi paytaxtımız Bakı bu günlərdə sayca 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz-“Caspian Oil&Gas” və13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin birləşdiyi Bakı Enerji Həftəsinə ev sahibliyi edir.
tədbirdə dünyanın onlarla ölkəsindən yüzlərlə şirkətin iştirak etməsi bir daha ölkəmizin enerji resurlarının işlənib hasil edilməsində mühüm nailiyyətlər əldə etmiş ölkələr sırasında olmasını təsdiqləyən amil kimi dəyərləndirilir.
Qeyd edək ki, Bakı Enerji Həftəsində iştirak edən şirkətlər Azərbaycanla “yaşıl enerji” sahəsində əməkdaşlıq etməyə maraqlı olduqlarını nümayiş etdirirlər. Nəzərə alsaq ki, ölkəmiz ötən il dünya əhəmiyyətli, COP 29 kimi nəhəng beynəlxalq tədbirə ən yüksək səviyyədə ev sahibliyi etdi. Bu mənada builki tədbirin qonaqlarda daha yüksək təəsüratlar yaratdığını qeyd edə bilərik. Yubiley tədbirində təşkil edilən sərgidə ölkəmizlə paralel dünyanın nüfuzlu, energetika sahəsində ixtisaslaşmış şirkətlərinin də məhsulları yer alırdı. Tədbir iştirakçılarını salamlayan Möhtərəm Prezident cənab İlham Əliyev ölkəmizin son illərdə qazandığı uğurlara diqqət çəkdi.
Qürurla deyə bilərik ki, bu gün Azərbaycan enerji sahəsində həyata keçirdiyi uğurlu siyasət sayəsində dünyada öz sözünü demiş ölkələrdən birinə çevrilib. Ölkəmiz artıq tək özünü deyil, həm də regional, eləcə də Avropa İttifaqına daxil olan bir çox dövlətlərin dayanıqlı enerji ilə təchiz olunmasında təhlükəsiz, etibarlı tərəfdaş ölkə kimi tanınır.
Ruhəngiz Nəcəfova;
Neftçala rayonu