“Təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir”

Milli Məclisdə qazın talanması halları müzakirə edilib.
Liderxeber.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin baş direktoru Azər Məmmədov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı danışıb.
“Biz “Azəriqaz” olaraq pərakəndə satış və paylanma edirik və birbaşa abonentlərlə ünsiyyətdəyik. Artıq 2 milyon 700 min abonentə xidmət göstəririk, hər il bu rəqəm artır.
Bizim əsas problemlərimizdən biri köhnəlmiş şəbəkə aktivlərimizdir. Hazırda müəyyən investisiya proqramları həyata keçirilir, maliyyə resursları məhduddur. Tarif olanda artıq lazım olan bütün investisiyalar tarifdə əksini tapa biləcək.
Qazın talanması hallarında məsuliyyətin daha obyektiv şəkildə müəyyənləşdirilməsi üçün yalnız texniki müdaxiləni edən şəxslərin deyil, bu müdaxilədən fayda əldə edənlərin də məsuliyyət daşıması mexanizminin hüquqi əsasla dəstəklənməsi zəruridir. Sayğaclara müdaxilə var və biz son statistikaya baxanda o müdaxilələrdə təqsirkar tərəfi müəyyən etməkdə çətinlik çəkirik. Amma istər-istəməz təqsirkar kim olursa-olsun, faydalanan tərəf abonentdir. Biz istəyirik ki, bu prosesləri ayıraq. Buna görə təkliflər hazırlayırıq və öz fikirlərimizi rəsmi formada təqdim edəcəyik”, - A. Məmmədov bildirib.
Oxşar Xəbərlər:

