Misirdən Bakıya uzanan moda yolu - Zəhra Poluxova geyimi fəlsəfəyə çevirir

2025-ci ilin payızına doğru irəlilədikcə moda təkcə geyim anlayışından uzaqlaşaraq, getdikcə daha çox bir fəlsəfəyə, hisslərə və fərdi ifadə tərzinə çevrilir. Bu dövr, nostalji ilə sakitliyin, zərifliklə sərtliyin bir araya gəldiyi bir mövsüm olaraq, dizaynerlər üçün həm ilhamverici, həm də dərin təhlil tələb edən bir məqamdır. Müasir modanın bu incə və çoxşaxəli məqamlarını hiss edə bilən, onu dizayn dili ilə danışdıran yaradıcılar isə diqqət mərkəzinə düşür.
Onlardan biri də gənc yaşına baxmayaraq həm Azərbaycanda, həm də Misirdə bir çox gözəllik yarışmalarında münsiflik etmiş, beynəlxalq təcrübəyə sahib "fashion" dizayner Zəhra Poluxovadır. O, modanı yalnız bir sənət forması deyil, həm də mədəniyyətlərarası dialoq, təbiətə bağlılıq və fərdi düşüncənin bir növ təzahürü kimi görür.
Liderxeber.az Ucnoqta.Az-a istinadən Zəhra ilə birlikdə həm payızın modaya verdiyi ruhu, həm də kişi və qadın dəbində baş verən dəyişiklikləri kəşf edəcək.
- 2025-ci ilin payızında geyim dünyasını nə gözləyir?
- Bu, yaxşı sualdır. Mən də, əslində, indi payızın nə ilə əlaqəli olduğunu düşünürəm.
- Bilirəm, indi deyəcəklərim bir az təəccüblü səslənə bilər, amma payızdan hansı ideyaları yarada bilərik?
- Araşdırmalarım zamanı gördüm ki, hazırda insanların çoxu bədəni əhatə edən düz, təmiz xətlərə üstünlük verir.
- Əslində, payızın havasını paltara geyindirmək çox maraqlı olardı. Bəs payız bizdə hansı hissləri oyadır?
- Yəqin ki, sakitlik, kədər, nostalji və ən gözəl tərəfi odur ki, bu hisslər məkanlara görə fərqli şəkildə yaşanır. Məsələn, Braziliyada payız rəngarəng olur, çünki orada bu dövrdə hava hələ də isti qalır. Fəsillər hər yerdə var, amma bəziləri digərlərindən daha yumşaq və ya sərt olur.
Bir dəfə sənət əsəri yaratmaq üçün bir vazanı sındırdım və onu modaya və kədər hisslərinə bağlamaq üçün təbiətin elementlərini üzərinə əlavə etdim. Oradakı rənglərdə həm payızın, həm də modanın ruhunu ifadə etməyə çalışdım. Bu bir qədər gözlənilməz ola bilər, çünki mən sevgi və xeyirxahlıq tərəfdarıyam. Amma zaman-zaman yeni kolleksiya üçün yeni ideyalara keçmək faydalıdır. Bir şəkil, bir obyekt, bir söz bunların hər biri ideya üçün başlanğıc ola bilər. Sadəcə yaradıcılığınızı daim işlək saxlamalısınız. Bununla yanaşı, mən hələ də ekoloji düşüncəyə sahib insanları dəstəkləyirəm və bu istiqamətdəki təşəbbüslərə açığam.
- Bəs kişi və qadın modası necə dəyişir? Fikirləriniz necədir?
- Hazırda kişilər modada daha irəliləmiş vəziyyətdədirlər. Keçmişlə müqayisədə kişilər üçün daha böyük bir moda bazarı formalaşıb. Mənim fikrimcə, kişilər daha açıq və zərif rənglərə, qadınlar isə daha iddialı və sərt tərzlərə üstünlük verəcəklər.
Bu da bir növ Z nəslinin təsiridir, çünki kişilər daha rahat, qadınlar isə daha güclü və sərbəst olurlar. Kaş ki, biz Z nəsli olaraq bir zaman telefonlarımızı kənara qoya bilək. Gənc bir dizayner kimi deyə bilərəm ki, ilhamı internetdən almağa məcbur deyilsiniz, ətrafda kifayət qədər ilham mənbəyi var. Dünyada həyat getdikcə daha yaxşılaşır və sabitləşir, buna görə də mədəniyyət sahəsindən və müxtəlif ölkələrdən, xüsusən Azərbaycandan olan insanların moda sahəsində daha çox iştirakını gözləyirəm.
Hazırda Misirdə yaşayıram və burada bəzi yerlilərin həyatında təhsil sistemi və təbiətin qorunması istiqamətində dəyişikliklər etmək istərdim. Məsələn, təkrar emal proseslərini genişləndirməklə ölkənin təbii gözəlliklərini qorumaq mümkündür.Mən həqiqətən arzulayıram ki, dünya daha yaxşı, daha təmiz və hər kəs üçün daha gözəl bir yer olsun.
- Son olaraq, nə tövsiyə etmək istərdiniz?
- Sonda bir dizayner olaraq qeyd etmək istərdim ki, başqalarının ideyalarını mənimsəməkdən çəkinin. Əgər sizə gənc bir dizaynerin ideyası lazımdırsa, sadəcə onunla birbaşa danışın və icazə istəyin. Əks halda, o ideyadan faydalanmaq yerinə, peşman ola bilərsiniz. Gəlin, bizə qayğı göstərən insanlara qarşı həmişə mehriban olaq və özümüzə problem yaratmaq əvəzinə çalışaq və kömək diləyək.