Onlar 10 dəfəyədək hərbi təlimə çağırıla bilər

“Qanunlarda dəyişiklik edilməsinin əsas məqsədi müasir çağırışlara uyğun olaraq bu sahədə aparılan islahatlarla və buna uyğun olaraq təkmilləşdirmələrlə bağlıdır”.
Liderxeber.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bu gün keçirilən plenar iclasda “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihələrinin müzakirəsi zamanı bildirib.
Komitə sədri qeyd edib ki, təqdim edilən qanun layihəsi ixtisaslaşmış hərbi qulluqçuların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha səmərəli və uzunmüddətli istifadəsinin təmin edilməsi, gizirlərin və miçmanların həqiqi hərbi xidmət keçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb:
“Belə ki, qüvvədə olan qanuna əsasən, bütün gizir və miçmanlar üçün dinc dövrdə həqiqi hərbi xidmətdə olmanın müddəti 5 il müəyyən edilib. Hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrində, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrində təhsil almış hərbi qulluqçuların ixtisaslaşmış peşəkar kadr olduğunu nəzərə alaraq onların bilik və bacarıqlarından ölkəmizin müdafiəsində daha uzunmüddətli istifadə olunması məqsədilə Layihədə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini, habelə xarici ölkələrin analoji orta ixtisas təhsili müəssisələrini bitirmiş gizir və miçmanların dinc dövrdə həqiqi hərbi xidmətdə olma müddətinin 10 il müəyyən edilməsi təklif edilir. Gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə qəbul olunması mümkün olan şəxslərin siyahısında 40 yaşınadək hərbi vəzifəlilər də (zabitlərdən başqa) nəzərdə tutulub. Layihədə “40 yaşınadək hərbi vəzifəlilər” ifadəsinin konkretləşdirilərək “hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan gizirlər və miçmanlar, 40 yaşınadək ehtiyatda olan əsgərlər, matroslar, çavuşlar” ifadəsi ilə əvəz edilməsi təklif edilir.
“Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda “Qeyd” hissəsi əlavə edilib. “Qeyd” hissəsinə əsasən, zabitlərin həqiqi hərbi xidmət dövründə Azərbaycanın və xarici ölkələrin ali təhsil müəssisələrində magistratura (rezidentura), doktorantura (adyunktura) səviyyələri üzrə əyani təhsilalma müddəti, eləcə də ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşdirilməsi üzrə əlavə təhsil müddəti bir ildən çox olduqda öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilmir.
Azərbaycan Silahlı Qüvvələri üçün təhsil müəssisələrində hazırlanmış zabitlərin əldə etdikləri peşəsi və bilikləri ilə Silahlı Qüvvələrə daha səmərəli töhfə verməsinin və təcrübələrinin gənc zabitlərlə bölüşməsinin təmin edilməsinə şərait yaratmaq, həmçinin ölkəmizin müdafiəsində zabitlərin uzunmüddətli xidmətini təmin etməklə peşəkar kadr potensialını möhkəmləndirmək məqsədilə zabitlərin həqiqi hərbi xidmət dövründə əyani bakalavriat (əsas (baza ali tibb) təhsili) təhsili müddətinin də öz arzusu ilə ehtiyata buraxılma üçün nəzərdə tutulmuş 10 il müddətinə daxil edilməməsi təklif edilir.
Həmin maddələrdə əks olunan cədvəllərə dəyişiklik edilərək gizir və miçmanlar üçün ehtiyatda olmağın yaş hədlərinin ayrıca sətirdə müəyyən edilməsi, birinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün ehtiyatda olmanın yaş həddinin 35 yaş, ikinci dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün 45 yaş və üçüncü dərəcə ehtiyatda olan gizir və miçmanlar üçün isə 55 yaş olması təklif edilir. Adıçəkilən qanunların müvafiq olaraq, 175-ci və 45.2-ci maddələrində ehtiyatda olan hərbi vəzifəlilərin hərbi təlim toplanışlarına çağırılması müddətləri nəzərdə tutulmuşdur.
Təklif edilən dəyişikliyə əsasən, birinci dərəcəli ehtiyatda olanlar hərbi vəzifəlilərin hər dəfə 1 ayadək müddətə on dəfəyədək hərbi təlim toplanışlarına çağırılması nəzərdə tutulur. Bununla yanaşı, müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərin hər dəfə 2 ayadək müddətə beş dəfəyədək hərbi təlim toplanışlarına çağırılması təklif edilir”.