Pressa.az » Ölkə » Göygöldə növbəti layihə həyata keçirilib

Göygöldə növbəti layihə həyata keçirilib

05 iyul 2023, Çərşənbə, 09:38
Göygöldə növbəti layihə həyata keçirilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən Aqrar Fəaliyyətli Azərbaycan Qadınları (AFAQ) və “Şəhərdən Kəndə” layihələri çərçivəsində Göygöl rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən və layihələrə müraciət edən ümumilikdə 11 fermerə dəstək göstərilib.

Təsərrüfatlarının inkişafı üçün dəstək göstərilən fermerlərlə rayonun Şəhriyar kəndində yerləşən aqroturizm təsərrüfatında görüş keçirilib. Görüşdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev və fermerlər iştirak ediblər.

Görüşün keçirildiyi fermer İftixar Hüseynova məxsus aqroturizm təsərrüfatı bağçılıq və quşçuluq üzrə fəaliyyət göstərir. Həmçinin, burada bostançılıqla da məşğul olunur. Təsərrüfat sahəsində göl də mövcuddur ki, burada turistlər balıqçılıqla məşğul ola bilirlər. “Şəhərdən Kəndə” layihəsi çərçivəsində təsərrüfatda yenidənqurma işləri həyata keçirilib, işıqlandırılma işi yenidən təşkil olunub.  Təsərrüfatda uşaq meydançası yaradılıb, təndir və hin inşa edilib.

Xidmət səviyyəsinin artırılması məqsədi ilə təsərrüfat bir sıra avadanlıq və ləvazimatlarla (manqal, oturacaqlar, lövhələr və s.) təmin olunub.
Tədbir zamanı AFAQ layihəsindən dəstək qazanan qadın fermerlərə də əvvəlcədən aparılan ehtiyac sorğusu əsasında avadanlıqlarla dəstək göstərilib. Rayonun Qırıqlı, Mollacəlilli, Çaylı, Quşqara, Çaykənd, Nadel və Yeni Zod kəndlərindən olan ümumilikdə 10 qadın fermer yem üyüdən avadanlıq, arı yeşikləri, süd sağan aparat, süd çəkən maşın və bal süzən avadanlıqla təmin olunub.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bu günə qədər yerli və əcnəbi mütəxəssislər tərəfindən həyata keçirilən təlimlərdə 221 təsərrüfat sahibi iştirak edib. Ümumilikdə isə layihəyə qoşulmaq üçün 200-dən artıq aqrar sahibkar qeydiyyatdan keçib. Baxış keçirilən 177 fermer təsərrüfatından 130-u aqroturizm fəaliyyətləri üçün uyğun hesab edilib.

AFAQ layihəsi isə qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının, eyni zamanda qadınlar tərəfindən idarə olunan aqrar biznes subyektlərinin sayının artırılmasına və regionlarda sosial-iqtisadi rifahın yaxşılaşdırılmasına xidmət edir. Bugünədək layihəyə 1310-a yaxın müraciət daxil olub, layihə kriteriyalarına cavab verən 234 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən ümumilikdə 161 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində 218 qadın fermer nəzəri və praktik təlimlərdə iştirak edib.