Pressa.az » Ölkə » "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir"

"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir"

30 dekabr 2025, Çərşənbə axşamı, 12:31
"Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir"

“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”

31 dekabr tarixi təqvimimizdə ən şərəfli günlərdən biri olan “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”dür. Bu günün  təsis  edilməsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər dünya azərbaycanlılarının birliyini yaratmağın vacibliyini və əhəmiyyətini nəzərə alaraq, 1991-ci ilin 16 dekabr tarixində  hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu vaxt  bu  təşəbbüsü  irəli sürmüşdür. Dahi şəxsiyyətin məqsədi dünyanın dörd bir tərəfində yaşayan azərbaycanlıları birləşdirmək, onların mədəni, mənəvi, iqtisadi inkişaflarına səbəb olmaq, Azərbaycanın dövlətçilik maraqları naminə ümumi həmrəyliyə nail olmaq idi.

Bu birliyə nail olmaqla  həm də Azərbaycana qarşı çıxan düşmənlərin təxribatlarına qarşı informasiya arenasında birlikdə mübarizə aparmaq hədəflənmişdi. Yenidən  müstəqilliyini bərpa edən Azərbaycanın həmin dövrdə yaşadığı çətin anlarda, o qanlı-qadalı günlərdə belə bir birliyin yaranması günün tələbi idi. Həmin vaxt qaçqınların, məcburi köçkünlərin ağrı-acılarına dəstək olmaq, onların haqq səsini dünyaya çatdırmaq lazım idi. O dövrdə işğalçılıq siyasəti yeridərək Azərbaycan  iqtisadiyyətina ağır zərbə vurmuş, azərbaycanlıların ocağının başında, süfrəsinin qırağında böyümüş nankor düşmənin layiqli cavabını vermək üçün dünya azərbaycanlılarının dəstəyinə çox ehtiyacı var idi. Vəziyyətlə əlaqədar tez bir zamanda, 25 dekabrda Azərbaycan Respublikası Ali Sovetin Milli Şurası Heydər Əliyevin təklifini  dəstəklədi və 1991-ci il 31 dekabr tarixindən Azərbaycan xalqının birlik şüarının simvolik günü - “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” təsdiq edildi və hər il bayram kimi qeyd olunmağa başladı. “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” hazırda  dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlılar arasında birlik və həmrəylik yaratmaqda mühüm rol oynayır.

Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı Ulu Öndər Heydər Əliyevin bu istiqamətdə çəkdiyi zəhmət öz bəhrəsini verməkdədir. Günü-gündən Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hissləri artmaqdadır. 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən Dünya azərbaycanlılarının I Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti oldu. Bu istiqamətdə həyata keçirilən tədbirlər ümumi təşkilatlanmanın yaradılmasını şərtləndirirdi. Bu mənada Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmçinin həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.

Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı azərbaycançılıq ideologiyasının əsasını təşkil edirdi. Həmrəyliyin bir məqsədi də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirmək idi.

“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”–Ulu Öndər Heydər Əliyevin bu sözləri Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirərək hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.  

Elmira Kazımova 
Neftçala rayonu