BP yüksək ixtisaslı kadrların yetişdirilməsi sahəsində layihənin nəticələrini elan edib
Bu gün BP ölkənin yüksək ixtisaslı yerli kadrlar yetişdirmək istiqamətindəki səylərinə dəstək olaraq həyata keçirdiyi sosial sərmayə layihəsinin nəticələrini elan edib.
Liderxəbər xəbər verir ki, bu təhsil layihəsi BP-nin dünya səviyyəli təcrübə və bacarıqlar formalaşdırmaqla ölkənin dayanıqlı gələcəyinin qurulmasına dəstək olmaq öhdəliyinin bir hissəsi olaraq seçilib. Layihə çərçivəsində BP aparıcı beynəlxalq universitetlərə hazırlaşmaq üçün 15 istedadlı Azərbaycan gəncinin hazırlıq təlimlərini maliyyələşdirib.
Layihə iştirakçıları bu cür yüksək keyfiyyətli hazırlıq kurslarının xərclərini qarşılamaq imkanı olmayan aztəminatlı ailələrdən seçiliblər. Layihə çərçivəsində qrup və fərdi şəkildə təklif olunan 10 aylıq hazırlıq kurslarında iştirakçılar əksər beynəlxalq kollec və universitetlərin tələbə qəbulu üçün istifadə etdiyi SAT və IELTS testlərinə və qəbul imtahanlarına hazırlaşıblar.
Layihədə, həmçinin iştirakçıların beynəlxalq tələbələr üçün tam təqaüd təklif edən universitetlərlə əlaqə saxlamasına və həmin universitetlərə müraciət etməsine yardım göstərilib. Hazırkı mərhələdə bütün nəticələr tam məlum olmasa da, BP-nin dəstəklədiyi 15 iştirakçıdan 12-si Türkiyənin Koç Universiteti, Niderlandın "Erasmus University Rotterdam", Belçikanın "Ghent University", Qlazqo Universiteti, Turin Politexnika Universiteti, Sinqapur Milli Universiteti, Hongkong Universiteti, Koreyanın Qabaqcıl Elm və Texnologiyalar İnstitutu və Toronto Universiteti kimi Qərbin və Asiyanın yüksək reytinqli universitetlərinə qəbul olublar.
Layihənin uğurla bitməsi münasibətilə bu gün keçirilən tədbirdə layihə iştirakçılarına sertifikatlar verilib. Universitetlərə artıq qəbul olunmuş gənclərə isə əlavə olaraq BP planşetlər təqdim edib.
"Nəticələr çox möhtəşəmdir. Biz nüfuzlu beynəlxalq universitetlərdən artıq qəbul təklifi almış istedadlı gənclərlə həqiqətən də fəxr edirik. Bu universitetlərdən bəziləri mükəmməllik göstəricilərinə görə çox yüksək reytinqə sahibdir. Qalan üç iştirakçının da eyni dərəcədə yüksək reytinqli universitetlərdən təklif alacağına ümid edirik, çünki onların da qəbul olmaq şansı yüksəkdir. Bu layihəyə qoşulmaqdan çox məmnunuq, çünki bu, ölkənin parlaq gələcəyini quracaq istedadlı, dünya səviyyəli milli kadrların yetişdirilməsi istiqamətində Azərbaycanın səylərinə dəstək olmaq öhdəliyimizi bir daha təsdiqləyir”, - BP-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse- prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Layihənin dəyəri 42 min 450 AZN (təxminən 25 min ABŞ dolları) təşkil edir.