Hörmüzdə iki gəmi vuruldu, ölən və yaralılar var
"Mombasa" və "Əl-Bəhiyə" tankerləri Omanın ərazi sularında (Hörmüz boğazının cənub keçidində) İranın iki pilotsuz raketi tərəfindən hücuma məruz qalıb.
Liderxeber.az xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyi "X" hesabında məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində "Mombasa" tankerinin bir heyət üzvü - Hindistan vətəndaşı həyatını itirib. Eyni zamanda, dördü ağır olmaqla ümumilikdə səkkiz nəfər yaralanıb (onlardan altısı Hindistan, ikisi isə Ukrayna vətəndaşıdır).
Hər iki gəmidə baş verən yanğın nəticəsində tankerlərə maddi ziyan dəyib. Lakin təxirəsalınmaz tədbirlər sayəsində hər iki gəmidəki yanğın tam söndürülüb.
Əmirliyin Müdafiə Nazirliyi bəyan edib ki, istənilən təhdidlərə qarşı mübarizə aparmaq üçün tam döyüş hazırlığı vəziyyətindədir. Dövlətin təhlükəsizliyini və onun sabitliyini pozmağa yönəlmiş hər hansı bir cəhdin qarşısını qətiyyətlə almaq üçün bütün zəruri addımlar atılır.
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ aviabazasına zərbələr endirdiyini bəyan edib.
Liderxeber.az xəbər verir ki, bu barədə "Fars" agentliyi SEPAH-ın bəyanatına istinadən məlumat yayıb.
"Bu gün səhər "Nəsr 2" əməliyyatının ikinci dalğasının üçüncü mərhələsində, ABŞ-nin İordaniyadakı aviabazasının mühüm obyektləri və dislokasiya yerləri ballistik raketlərlə hədəfə alınıb", - deyə açıqlamada qeyd olunub.
Bundan əvvəl "Reuters" agentliyi İordaniyanın hava hücumundan müdafiə sistemlərinin ölkənin hava məkanında İrandan atılan dörd raketi zərərsizləşdirdiyini bildirib.
İran Silahlı Qüvvələrinin elit bölməsi sayılan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəhreyndə Amerika Birləşmiş Ştatları hərbçilərinin yerləşdiyi bazaya, peyk rabitəsi mərkəzinə və hərbi sursat anbarlarına hücum etdiyi bildirilib.
Liderxeber.az xəbər verir ki, bu barədə "Nour News" agentliyi məlumat yayıb.
"İslam İnqilabı Keşikçiləri Korpusu dronlar və raketlərin köməyi ilə Bəhreyndə yerləşən "Əl-Cüfeyr" bazasında ABŞ əsgərlərinin qaldığı binaya, peyk rabitə mərkəzinə, həmçinin bir neçə silah anbarına zərbələr endirərək onları tamamilə məhv edib", - deyə agentlik SEPAH-ın rəsmi bəyanatından sitat gətirib.
Eyni zamanda, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan iki tankerə zərbə endirdiyini də açıqlayıb.
"Naviqasiya sistemləri qapadılmış iki supertanker Hörmüz boğazının təhlükəsizlik mərkəzi tərəfindən edilən çoxsaylı xəbərdarlıqlara məhəl qoymayaraq, bölgədə dənizçilik üçün təhlükə yaradıb, nəticədə onlar vurularaq zərərsizləşdirilib", - deyə açıqlamada qeyd olunub.
