İşğaldan azad olunmuş ərazilərdə Slovakiya imzası
Azərbaycanın işğaldan azad edilmiş və otuz illik dağıntılardan sonra yenidən dirçəldilən ərazilərində dost ölkələrin bərpa və quruculuq işlərində fəal iştirakı dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir və bu istiqamətdə Slovakiya ilə qurulan əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir.
Bu günlərdə ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini Ölkə başçısı cənab İlham Əliyev Şuşada qarşıladı. Bu qarşılanma müasir Azərbaycanın tarixi nailiyyətlərinin dünyaya nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edirdi.
Möhtərəm Prezident mətbuata bəyanatında böyük məmnunluq hissi ilə bildirmişdir ki, Slovakiya Qarabağın və Şərqi Zəngəzurun sürətli bərpası prosesində fəal iştirak edən tərəfdaş ölkələrdən biridir.
Dövlət başçısı slovakiyalı həmkarı Peter Pelleqrini ilə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəklərini və orada birgə tanışlıq həyata keçirəcəklərini elan etmişdir. Məhz Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən ən müasir şəhərsalma prinsipləri və yaşıl texnologiyalara əsaslanan mütərəqqi “Ağıllı kənd” (Smart Village) layihəsi icra olunmaqdadır. Cənab Prezident İlham Əliyev Qarabağın yenidən qurulmasına verilən bu əvəzsiz töhfəyə, habelə Azərbaycan xalqına göstərilən bu böyük dostluq dəstəyinə görə Slovakiya Prezidentinə öz dərin minnətdarlığını ifadə etmişdir. Bu layihə təkcə keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında müasir standartlarla yaşamasına şərait yaratmayacaq, həm də iki ölkə arasında sülh, humanizm və infrastruktur tərəfdaşlığının sarsılmaz rəmzinə çevriləcəkdir.
Ruhəngiz Nəcəfova
Neftçala rayonu
