Pressa.az » Ölkə » Əhalinin siyahıyaalınmasına dair iclası keçirilir

Əhalinin siyahıyaalınmasına dair iclası keçirilir

17 iyul 2026, Cümə, 11:34
Əhalinin siyahıyaalınmasına dair iclası keçirilir

“Əhalinin siyahıyaalınması əhali haqqında ən dolğun məlumat mənbəyi olmaqla ölkədə demoqrafik proseslərin öyrənilməsində, qiymətləndirilməsində və gələcək sosial-iqtisadi inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır”.

Liderxeber.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov iyulun 17-də Nazirlər Kabinetində əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı məsələlərə həsr olunmuş iclasda çıxışı zamanı deyib.

Baş nazir qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının “Əhalinin və mənzil fondunun 2030-cu il siyahıyaalınmasının Ümumdünya Proqramı”na dair Qətnaməsinə əsasən üzv dövlətlər 10 ildə bir dəfədən az olmayaraq əhalinin siyahıyaalınmasını keçirməlidirlər. Siyahıyaalma zamanı beynəlxalq standart kimi BMT-nin “Əhalinin və mənzil fondunun siyahıyaalınmasına dair prinsip və tövsiyələri” rəhbər tutulmalıdır.

Göstərilən tələblər nəzərə alınmaqla Azərbaycanda müstəqilliyin bərpasından sonra əhalinin siyahıyaalınması 1999, 2009 və 2019-cu illərdə keçirilib.

“Lakin, məlum olduğu kimi, müstəqillik dövründə aparılan siyahıyaalınmalar zamanı ölkə ərazisinin 20 faizinin işğal altında olması və həmin bölgələrin sakinlərinin öz doğma yurdlarından məcburi köçkün düşməsi səbəbindən bu mühüm dövlət tədbirinin orada keçirilməsi mümkün olmayıb. Bu baxımdan 2030-cu il mərhələsində keçiriləcək əhalinin növbəti siyahıyaalınması xüsusi tarixi əhəmiyyət kəsb edəcək. Çünki bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfər və ölkəmizin suverenliyinin tam bərpa olunması nəticəsində müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisini tam şəkildə əhatə edəcək ümumrespublika əhalinin siyahıyaalınması olacaq”, - Əli Əsədov qeyd edib.