150 ilin ən güclü istisi qapıdadır - Ərzaq da bahalaşacaq
Sakit okeanda güclənən “El Nino” hadisəsinin son 150 ilin ən güclülərindən birinə çevrilə biləcəyi ilə bağlı xəbərdarlıqlar artır. Alimlərin proqnozlarına görə, okeandan atmosferə böyük miqdarda istiliyin ötürülməsi qlobal istiləşmə ilə üst-üstə düşərək, 2027-ci ilin rekord isti il olmasına səbəb ola bilər.
Liderxeber.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) iyul proqnozuna görə, “El Nino” ilin sonuna qədər güclənə bilər və oktyabr-dekabr dövründə çox güclü “El Nino” baş verməsi ehtimalı 81 faizdir.
NOAA həmçinin hadisənin 2027-ci ilin yazına qədər davam etməsi ehtimalını yüksək qiymətləndirir.
“El Nino” zamanı Sakit okeanın ekvatorial hissəsində okean səthinin temperaturu yüksəlir və bu, atmosfer dövranına təsir göstərərək, dünyanın müxtəlif bölgələrində hava şəraitini dəyişir.
Alimlərin hesablamalarına görə, “El Nino”nun təsiri qlobal istiləşmə ilə birləşərsə, 2027-ci ildə orta qlobal temperatur sənayedən əvvəlki dövrlə müqayisədə təxminən 1,7 dərəcə Selsi yüksək ola bilər. Bu göstərici 1,5 dərəcəlik kritik həddən xeyli yuxarıdır.
Güclü “El Nino” nəticəsində bəzi bölgələrdə quraqlıq və istilik dalğalarının, digərlərində isə güclü yağışlar və daşqınların artması gözlənilir. Amazon hövzəsi də xüsusilə böyük risk altındadır.
“El Nino”nun təsirləri yalnız hava ilə məhdudlaşmır. Quraqlıq, daşqın və ekstremal istilər kənd təsərrüfatında məhsuldarlığı azaldaraq, qlobal ərzaq bazarında ciddi bahalaşmaya səbəb ola bilər.
“Goldman Sachs” analitiklərinin hesablamalarına görə, “Super El Nino” qlobal ərzaq əmtəələrinin qiymətlərini 15,8 faizədək artıra bilər. Bu təsirlərin 2028-ci ilə qədər davam etməsi mümkündür.
Xüsusilə Hindistanda musson yağışlarının zəifləməsi düyü, buğda və şəkər qamışı istehsalına mənfi təsir göstərə bilər. Bu isə təkcə yerli bazarla məhdudlaşmayaraq, dünya üzrə ərzaq qiymətlərinə təsir göstərə bilər.
Dəniz suyunun temperaturunun yüksəlməsi mərcan riflərinin kütləvi ağarması və dəniz ekosistemlərinin zədələnməsi riskini artırır. “El Nino” həmçinin okeanların atmosferdən karbon qazını udmaq qabiliyyətinə təsir göstərə bilər.
