Naxçıvanda şəhid ailələri və qazilərə 68 mənzil verildi - Fotolar
Avqustun 19-da Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə yeni mənzillər təqdim edilib.
Liderxeber.az xəbər verir ki, Prezident İlham Əliyevin 12 avqust 2026-cı il tarixli Sərəncamında qeyd edildiyi kimi, Naxçıvanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün daha 68 mənzil ayrılıb.
Mənzillərin təqdim edilməsi mərasimlərində Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Naxçıvanın Baş naziri Cabbar Musayev, Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, həmçinin şəhər və rayon icra hakimiyyətlərinin başçıları iştirak ediblər.
Tədbirlərdə bildirilib ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatına Ümummilli Lider Heydər Əliyevin tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb. Prezident İlham Əliyevin bu kateqoriyadan olan vətəndaşlara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində sosial müdafiə tədbirləri, o cümlədən mənzil təminatı proqramı ardıcıl şəkildə genişləndirilib. Zəfərlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə proqramın miqyası beş dəfə artırılıb. Postmüharibə dövründə 7300, ümumilikdə isə indiyədək 16 mindən çox mənzil şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
Naxçıvanda da bu istiqamətdə həyata keçirilən tədbirlər davamlı xarakter daşıyır. Bu gün daha 68 şəhid ailəsi və müharibə ilə əlaqədar əlilliyi olan şəxs yeni mənzillə təmin olunub. Ümumilikdə isə ötən dövrdə muxtar respublikada bu kateqoriyadan olan vətəndaşlara 400-dək mənzil təqdim edilib.
Təqdim olunan mənzillərin 29-u Naxçıvan şəhərində, 23-ü Şərur rayonunda, digər mənzillər isə Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonlarında inşa edilmiş yeni çoxmənzilli yaşayış binalarında yerləşir.
Mənzillərlə təmin olunan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər göstərilən diqqət və qayğıya, onlar üçün həyata keçirilən sosial dəstək tədbirlərinə və bu gün yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



