Pressa.az » Ölkə » Son iki ildə Dövlət Məşğulluq Agentliyi hansı mühüm uğurlara imza atıb?

Son iki ildə Dövlət Məşğulluq Agentliyi hansı mühüm uğurlara imza atıb?

21 avqust 2026, Cümə, 14:25
Son iki ildə Dövlət Məşğulluq Agentliyi hansı mühüm uğurlara imza atıb?

Məşğulluq həmişə sosial rifahda vacib vasitədir. Bu mənada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin aktiv məşğulluq proqramlarının son illər xeyli genişlənməsi, məşğulluq xidmətlərində innovativ həllərin getdikcə daha geniş tətbiqi vətəndaş rifahına ciddi dəstək rolu oynayır. 

Liderxeber.az xəbər verir ki, məsələn, qurum tərəfindən işlə təmin edilənlərin sayı 2023-cü ilə nisbətən 2024-cü ildə 118 mindən 42 min artaraq 160 minə, peşə hazırlığına cəlb edilənlərin sayı 9,5 mindən 6,1 min artaraq 15,6 minə çatıb.

Əgər təkcə son bir ili götürsək: 2025-ci ildə Agentlik aktiv məşğulluq tədbirlərinə cəlb etdiyi şəxslərin sayı 2024-cü ildəki 396,7 mindən 70 mindən çox artaraq 567 minə, o cümlədən işlə təmin etdiyi şəxslərin sayı 29 min artaraq 160 mindən 189 minə yüksəlib. Yəni, qurumun işlə təmin etdiyi şəxslərin illik sayında cəmi iki illik dövrdə 62 faiz və ya 71 min nəfər artım olub. 

Məşğulluq sahəsində innovativ həllərin sırası da xeyli genişlənib. 2025-ci ildə “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) “İşədüzəlmədə vasitəçilik”, “İşsizlikdən sığorta ödənişi” “Kvota”, “Peşə hazırlığı” və s. modullar üzrə bir sıra yeni funksionallıqlar yaradılıb. 

Keçən il Agentlik peşəyönümü və karyera planlamasına dəstək göstərən yeni mühüm e-platformasını -  Mərkəzi Karyera Portalını istifadəyə verib, habelə işsizlikdən sığorta ödənişinin təyinatı ilə bağlı bütün prosesləri tam elektronlaşdırıb. Məşğulluq xidmətləri sahəsində süni intellektin tətbiqi istiqamətində yeni layihələr hazırlanıb. Bu layihələr əsasən işaxtaran şəxslərin  əmək bazarında daha düzgün istiqamətlənməsinə və vakansiyalara çıxış imkanlarının artmasına hədəflənib. 

Agentlik işəgötürənlərlə əməkdaşlıq təcrübəsini daha da inkişaf etdirməklə, ötən il və bu il kvotadan əlavə yaradılan iş yerləri üzrə əməkhaqqının maliyyələşdirilməsi, məqsədli proqramlar və s. kimi yeni layihələrə başlayıb. 

Son bir ildə inklüziv məşğulluğa dəstək məqsədli “Sosial notlar” və “Biznesin sədası” kimi yeni layihələrə də başlanıb. Cari ildə bu istiqamətdə daha geniş əhatəliliyə malik olan, əlilliyi olan və digər həssas qrupların 9 istiqamət üzrə kiçik biznes qurmalarına dəstək məqsədi daşıyan “İnkülziv məşğulluq” layihəsinə start veriləcək.

Ötən il Agentlik tərəfindən icrasına başlanan yeni  “Həvəsləndirmə mükafatları” layihəsi isə özünüməşğulluq proqramı üzrə kiçik bizneslərini uğurla quran və inkişaf etdirən şəxslərə bizneslərini daha da genişləndirməyə dəstək verir. 

“İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı daha da genişlənib, təkcə bu ilin ilk yarımilində həmin proqram üzrə 200-dək işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanaraq 1000-dən çox şəxs işlə təmin edilib. 

Bu il mühüm proqramlardan biri kimi, Agentlik “Azərbaycandan işçi qüvvəsinin ixracı” layihəsinə də başlayıb. Layihə xaricdə rəsmi və təminatlı iş imkanlarından yararlanmaq istəyənlərə bu sahədə önəmli dəstək rolu oynayır.

Eyni zamanda özünüməşğulluq proqramın əhatə etdiyi iqtisadi fəaliyyət sahələri sırasına 2025-ci ildə daha 5 yeni zərf əlavə edilib, digər zərflərin tərkibi isə dəyişdirilərək təkmilləşdirilib. Ötən il ilk dəfə olaraq klaster əsaslı özünüməşğulluq modelinin (proqram üzrə oxşar-əlaqəli iqtisadi fəaliyyət növləri üzrə aktivlər verilmiş şəxslərin eyni məkanda fəaliyyət göstərməsi) tətbiqinə başlanıb.

Agentlik işğaldan azad olunmuş ərazilərdə məşğulluğun təminatı istiqamətində ardıcıl işlər aparır. Doğma yurdlarına qayıdan sakinlərin işlə təminatı, yeni peşələrə yiyələnməsi, özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə bizneslərinin qurulması istiqamətlərində mühüm addımlar atılır. 

Məşğulluq sahəsində islahatlara beynəlxalq səviyyədə də yüksək qiymət verilməsinin təzahürü olaraq keçən il və bu ilin ötən dövründə Dövlət Məşğulluq Agentliyi 20-dək beynəlxalq mükafat və sertifikata layiq görülüb. Eyni zamanda, Agentlik 2025-ci ildə Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının Avropa regionu üzrə İdarə Heyətinə üzv seçilib.