Pressa.az » Ölkə » Regionlarda həkim çatışmazlığı aradan qaldırılacaq

Regionlarda həkim çatışmazlığı aradan qaldırılacaq

02 sentyabr 2026, Çərşənbə, 12:39
Regionlarda həkim çatışmazlığı aradan qaldırılacaq

“Yeni islahat regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq”.

Liderxeber.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Anar Bayramov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, qarşıda duran əsas çağırış Azərbaycanda hər 10 min nəfərə düşən 34,5 həkimin ölkə üzrə bərabər bölüşdürülməsidir: “Buradakı disproporsiya bizim üçün əsas çağırışlardan biridir. Böyük şəhərlərdə, Bakıda, Gəncədə, Sumqayıtda, Abşeronda bu göstərici bizi qane edir və səhiyyə sisteminin ehtiyaclarını qarşılayır. Hətta Bakıda hər 10 min nəfərə düşən həkim sayı 101,7-dir. Amma elə məkanlarımız var ki, orada həkim çatışmazlığı nəzərə çarpır və bu, xüsusilə ixtisaslı həkimlərə aiddir”.

TƏBİB rəhbəri bildirib ki, bu səbəbdən həyata keçirilən islahatların, əlbəttə, ilk növbədə, məqsədi həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması, onların əməyinin layiqincə qiymətləndirilməsi və əməkhaqlarının artırılmasıdır: “Amma eyni zamanda bu islahatlar səhiyyə sistemimizin qarşısında duran çağırışların qarşılanmasına və mövcud problemlərin aradan qaldırılmasına xidmət edir. Əminik ki, həyata keçirilən tədbirlər regionlarda həkim sayının artmasına və regionlara ixtisaslı həkimlərin cəlb olunmasına çox böyük dəstək olacaq. Əlbəttə, regionlarda həkim çatışmazlığının aradan qaldırılması üçün kompleks yanaşma lazımdır. Burada həm həkimlərin hüquqlarının müdafiəsi, onlara münasibət, infrastrukturun və avadanlıqların mövcudluğu çox önəmlidir”.

A.Bayramov əlavə edib ki, bütün bu addımlarla yanaşı, gənc həkim regiona köçmək istəmirsə və əməkhaqqı onu qane etmirsə, istənilən nəticə əldə olunmayacaq: “Ona görə də bu islahat çərçivəsində bir neçə istiqamətdə region həkimləri üçün təşviq mexanizmləri tətbiq etmişik. Burada sabit əlavələr kifayət qədər böyükdür və şəhərlərdəki sabit əlavələrdən fərqlənir. Görülən işə görə verilən əlavə ödənişlər də fərqlidir. Bundan başqa, 1,3 regional əmsal tətbiq olunur. İnanıram ki, bu xəbərdən sonra həkimlərimiz müəyyən araşdırmalar apararaq regionlara üz tutacaqlar. Hesab edirəm ki, bu islahat regionlarda həkimlərin sayına müsbət təsir göstərəcək”.