Pressa.az » Ölkə » QHT-lər arasında aqrar sahədə elmi və sosial tərəfdaşlığın inkişafına dair Memorandum imzalanıb

QHT-lər arasında aqrar sahədə elmi və sosial tərəfdaşlığın inkişafına dair Memorandum imzalanıb

29 sentyabr 2026, Çərşənbə axşamı, 12:27
QHT-lər arasında aqrar sahədə elmi və sosial tərəfdaşlığın inkişafına dair Memorandum imzalanıb

“Gənc aqrarçı alim və mütəxəssislərə dəstək” İctimai Birliyi ilə “Amarant istehsalçıları” İctimai Birliyi arasında aqrar sahədə elmi, innovativ və sosial təşəbbüslərin inkişaf etdirilməsinə yönəlmiş əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Liderxeber.az xəbər verir ki, memorandumda “Gənc aqrarçı alim və mütəxəssislərə dəstək” İB-ni QHT-nin sədri Faiq Xudayev və “Amarant” İB-ə isə sədr müavini Elxan Qarayev təmsil edib.

Əməkdaşlıq sənədi aqrar sektorda elmi bilik və praktiki təcrübənin əlaqələndirilməsi, gənc alim və mütəxəssislərin elmi fəaliyyətinin dəstəklənməsi, aktual aqrar problemlərin tədqiqinə və innovativ həllərin tətbiqinə yönəlmiş birgə təşəbbüslərin formalaşdırılmasını nəzərdə tutur.

Memorandum çərçivəsində tərəflər birgə elmi-tədqiqat və tətbiqi layihələrin hazırlanması, sosial və maarifləndirici proqramların həyata keçirilməsi, elmi-praktik tədbirlərin təşkili, gənc mütəxəssislər üçün təlim və inkişaf imkanlarının yaradılması, həmçinin yerli və beynəlxalq layihələrdə tərəfdaşlığın genişləndirilməsi istiqamətlərində əməkdaşlıq edəcəklər.

Görüş zamanı aqrar sahədə elmi potensialın daha səmərəli istifadəsi, elmi nəticələrin praktiki fəaliyyətə inteqrasiyası və gənc aqrarçıların peşəkar inkişafı üçün yeni əməkdaşlıq mexanizmlərinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər xüsusilə elm–praktika əlaqələrinin gücləndirilməsi, aqrar innovasiyaların təşviqi və sosial yönümlü layihələrin elmi yanaşmalar əsasında həyata keçirilməsinin əməkdaşlığın əsas istiqamətlərindən biri olacağını qeyd ediblər.

İmzalanan Memorandum qarşılıqlı maraq doğuran sahələrdə davamlı tərəfdaşlığın institusional əsaslarının formalaşdırılmasına və aqrar sektorun inkişafına xidmət edən yeni elmi və sosial təşəbbüslərin reallaşdırılmasına imkan yaradacaq.