Pressa.az » Ölkə » Bakıda “2-ci Beynəlxalq Aqro Biznes Forum” keçiriləcək

Bakıda “2-ci Beynəlxalq Aqro Biznes Forum” keçiriləcək

30 sentyabr 2023, Şənbə, 12:12
Bakıda “2-ci Beynəlxalq Aqro Biznes Forum” keçiriləcək

2024-cü ilin 15-16 fevral tarixlərində Bakıda “AGRO TV Azerbaijan” və KOBSKA-nın birgə təşkilatçılığı ilə “II Beynəlxalq Agro Business Forum” həyata keçiriləcək.

Ötən ilin fevral-mart aylarında keçirilən, ümumilikdə 600-dən çox ziyarətçinin qatıldığı, eyni zamanda Azərbaycanın və dünyanın aqrar sahədəki qabaqcıl şirkətlərinin bir araya gətirildiyi forumda 55-dən artıq yerli və xarici şirkət öz məhsullarını nümayiş etdirib, eləcə də intensiv B2B və B2C görüşlər keçirilib. Bakıda keçirilən “II Türk Dövlətləri Aqro Biznes Forumu”nda çıxış edən “AGRO TV Türkiyə” və “AGRO TV Azerbaijan” CEO-su Doğan Başaran bildirib ki, “2-ci Beynəlxalq Aqro Biznes Forum”  həm də türk dövlətləri rəhbərlərinin  regiona ümumi  baxışı ilə üst-üstə düşəcək: “Elə forumun keçirilmə məqsədlərindən biri də məhz  budur. Qeyd edim ki, bu ticarət forumları Özbəkistanda və bəzi ölkələrdə də davamlı olaraq baş tutacaq. Ötən il olduğu kimi, bu il də KOBSKA və “AGRO TV”nin əməkdaşlığı ilə  bu böyük tədbiri həyata keçirəcəyik.

Məqsədimiz həm investorları  Azərbaycana gətirmək, həm də Azərbaycan şirkətlərinin başqa ölkələrə getməsini və ticarətini artırmaq üçün çalışmalarını təmin etməkdir. Bununla da, region və türkdilli ölkələrdə agro biznesin körpüləri olacağıq.” KOBSKA sədri Nigar Ələsgərova isə forumun əsas məqsədinin sahibkarlar arasında işbirliyini gücləndirmək olduğunu vurğulayıb: “2024-də həyata keçiriləcək forum ötən ilkinə nisbətən daha böyük formatda və daha maraqlı proqramla təşkil olunacaq”.

Türkiyə-Azərbaycan qardaşlığını ticarət sahəsində daha da genişləndirəcək sərginin keçirilməsində əsas məqsəd kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin satış imkanlarının artırılması, Azərbaycan və Türkiyə KOB Subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də xidmət və məhsullarının tanıdılmasıdır.

Qeyd edək ki, Bakıda təşkil olunacaq forumdan sonra ölkənin aqrar sahədəki qabaqcıl şirkətləri ortaq səfərlə birlikdə 19-20 fevral tarixlərində Daşkənddə ilki həyata keçiriləcək “Beynəlxalq Agro Business Forum”da  iştirak edəcəklər. Bununla da, yeni bazarlara yol açılacaq və türk dünyasının ortaq baxışı daha da güclənəcək.