Pressa.az » Ölkə » Əkinçilik İnstitutunda  Zəfər Gününə həsr edilmiş tədbir keçirilib

Əkinçilik İnstitutunda  Zəfər Gününə həsr edilmiş tədbir keçirilib

07 noyabr 2023, Çərşənbə axşamı, 20:27
Əkinçilik İnstitutunda  Zəfər Gününə həsr edilmiş tədbir keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Zəfər Günü və  Bayraq Gününə həsr olunmuş tədbir keçirilib. Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi Dövlət himni sədaları altında bir dəqiqəlik sükutla  yad edilib.
 
Tədbirdə çıxış edən Əkinçilik ET İnstitutunun direktoru Faiq Xudayev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə əhəmiyyətli uğurlar əldə etdi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və
 
Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi.
 
Tədbirdə çıxış edən əməkdaşlar diqqətə çatdırıblar ki, noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad olundu. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan oldu. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusi ilə Şuşanın düşmən işğalından azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi ilə nəticələndi. Bundan əlavə 2022-ci ilin sentyabrında və 2023-cü ilin sentyabrında aparılan antiterror əməliyyatları nəticəsində Qarabağ tamamilə erməni separatçılarından təmizləndi. İndi Ağdərə, Əsgəran, Xocalı, Xocavənd və Xankəndi də daxil olmaqla Qarabağımızın hər bir qarışında Azərbaycan bayrağı dalğalanmaqdadır.
Tədbirdə Zəfər yolu adlı videoçarx nümayiş olunub.