Pressa.az » Ölkə » Sahibə Qafarova Misirin Baş naziri ilə görüşüb

Sahibə Qafarova Misirin Baş naziri ilə görüşüb

07 fevral 2023, Çərşənbə axşamı, 10:34
Sahibə Qafarova Misirin Baş naziri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Mustafa Madbuli ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Azərbaycanın parlament rəhbərini səmimiyyətlə salamlayan Baş nazir, ölkələrimiz arasında diplomatik əlaqələrin 1992-ci ildə yaradıldığını bildirib. O, bu illər ərzində münasibətlərin genişləndiyini qeyd edərək, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin cari ilin yanvar ayında Azərbaycana səfərinin bir sıra sahələrdə əməkdaşlığın daha da dərinləşməsinə imkan verəcəyini qeyd edib. Baş nazir deyib ki, Azərbaycanla Misir arasında siyasi dialoq yaxşı səviyyədədir. İqtisadi sahədə, o cümlədən, sənaye, ticarət, nəqliyyat, kənd təsərrüfatı kimi sahələrdə geniş əməkdaşlıq üçün yaxşı imkanlar mövcuddur. O, humanitar sahədə də əlaqələrin əhəmiyyətini qeyd edib.

Baş nazir vurğulayıb ki, müxtəlif beynəlxalq təşkilatların fəal iştirakçısı olan Azərbaycanın Qoşulmama Hərəkatında böyük rolu var. O, beynəlxalq sahədə əməkdaşlığın vacibliyini xüsusi qeyd edib, ölkəsinin Azərbaycanla Ermənistan arasında sülh yaradılmasını dəstəklədiyini də diqqətə çatdırıb.

Mustafa Madbulinin sözlərinə görə, parlamentlər arasında əməkdaşlıq ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verir. Ona görə də Misir bu sahədə münasibətlərə böyük əhəmiyyət verir. O, inamını ifadə edib ki, Milli Məclisin sədrinin bu səfəri qanunvericilik orqanları arasında əməkdaşlığın daha da genişlənməsinə mühüm töhfə verəcək.

Milli Məclisin sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edərək, ölkələrimiz arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən məmnunluğunu bildirib. O, ikitərəfli münasibətlərin inkişafında dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rolunu qeyd edərək, bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin 2007-ci ildə Misirə rəsmi, Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin isə bu günlərdə ölkəmizə səfərlərinin əhəmiyyətini diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakıdakı görüşlər zamanı dövlət başçılarımız Azərbaycan-Misir əlaqələrinin gələcək inkişafı məsələsində həmrəy olduqlarını nümayiş etdirdilər.

Ölkələrimiz arasındakı müqavilə-hüquq bazasının kifayət qədər zəngin olduğunu diqqətə çatdıran spiker Sahibə Qafarova, iqtisadi, ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirib. Onun sözlərinə görə, ikitərəfli münasibətlərin ənənəvi sahələri ilə yanaşı, yeni sahələrdə də əlaqələr inkişaf etdirilə bilər.

Milli Məclisin sədri ikitərəfli əlaqələrdə parlamentlərimiz arasında münasibətlərin vacib rolunu qeyd edərək, bu sahədə əməkdaşlığın yaxşı səviyyədə olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq təşkilatlarda da birgə fəaliyyətin böyük əhəmiyyəti var. Millət vəkillərimiz beynəlxalq parlament təşkilatlarında birgə əməkdaşlıq edirlər. Spiker hazırkı geosiyasi şəraitdə bu əməkdaşlığın müasir çağırışların həllində faydalı rol oynadığını bildirib.

Görüşdə Milli Məclisin sədri Azərbaycanın uğurlu inkişafı, ölkəmizin beynəlxalq təşəbbüsləri, 2020-ci ildə Vətən müharibəsində əldə olunan qələbə ilə torpaqlarımızın Ermənistanın işğalından azad edilməsindən sonra ölkəmizin həyata keçirdiyi genişmiqyaslı bərpa və quruculuq işləri barədə geniş məlumat verib. O, işğal dövründə Ermənistan tərəfindən şəhər və rayonlarımızın, infrastrukturun, tarix və mədəniyyət abidələrinin tamamilə dağıdılması və talan edilməsi, ərazilərimizin Ermənistan tərəfindən minalanması haqqında da geniş məlumat verib. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin təşəbbüskarı məhz Azərbaycan olmasına və beynəlxalq hüququn 5 əsas prinsipi əsasında sülh sazişinin imzalanmasını təklif etməsinə baxmayaraq, Ermənistan danışıqlarda destruktiv mövqe nümayiş etdirir. O, deyib ki, Ermənistan müstəqil ölkə deyil və müstəqil daxili, xarici siyasət kursuna malik deyil. Spiker vurğulayıb ki, sülh sazişinin imzalanması hər kəsdən əvvəl Ermənistanın özünə lazımdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.