Pressa.az » Ölkə » Heyva və onun faydaları

Heyva və onun faydaları

13 fevral 2023, Bazar ertəsi, 12:45
Heyva və onun faydaları

Heyva xalq təbabətində heç də az istifadə olunmayan məşhur meyvələrdən biridir. Bəzi İslam mənbələrində heyvanın üç xüsusiyyəti göstərilir: Ürəyə aramlılıq (sakitlik) və şadlıq verir, paxılın əliaçıqlığına səbəb olur, qorxağı cəsarətli edir. Mənbələrdə deyilir ki, hər kim bir dənə heyva yeyərsə, Allah 40 gün hikməti onun dilindən axıdar. Qədim yunan qızları heyva yeyərlərmiş ki, gözəl olsunlar.

Bəs, il uzunu istifadə etdiyimiz heyva barədə, onun faydaları və faydalı xüsusiyyətləri barədə nə bilirik? Bu sualı cavablandıran Azərbaycan Tibb Universitetinin məzunu, peşəkar əczaçı Fəxrəddin İsayev heyvanın vitaminlərlə, üzvü turşularla zəngin olmasından, bir sıra xəstəliklərdə müalicəvi əhəmiyyətindən danışaraq deyib:

“Qızılgülçiçəklilər fəsiləsinə daxil olan heyvada insan üçün bir çox faydalı və müalicəvi maddələr var. Onlardan 4-5 faizə qədər şəkər, 2 faizə qədər üzvü turşular (alma, limon turşuları), karotin və C vitamini, aşı maddələri, efir yağı, dəmir duzları və sairi göstərmək olar. Heyva toxumlarında 14-18 faiz selikli maddələr, 10-20 faiz yağ, 1-2 faiz qətran və çoxlu miqdarda zülal var”.

Əczaçı bildirib ki, xalq təbabətində heyvanın yarpaqları qurudulub çay kimi dəmlənərək ürək ağrısında sakitləşdirici dərman kimi içilir. Heyvanın mürəbbəsi ürək zəifliyində qüvvətləndirici kimi, eləcə də həzm prosesini yaxşılaşdırıcı kimi çox xeyirlidir. Heyva mürəbbəsi qan azlığına da yaxşı təsir göstərir.
Heyvanın çubuqlarını dəmləyib içdikdə, yuxarı qan təzyiqini normallaşdırır. İç toxumlarını (cecəyini) dəmləyib (dəmləmə 1 saat davam edir) içdikdə, bəlğəmgətirici kimi təsir göstərir.

Xalq təbabətində meyvələrini inək yağında bişirib nəfəs yolları xəstəliklərində işlədirlər. “Heyva faydalı xüsusiyyətləri ilə çox zəngindir. Heyvanın bütün növləri, xüsusilə şirin heyva insanı gümrahlaşdırır, o cümlədən baş ağrısını sakitləşdirir, qaraciyərə yaxşı təsir göstərir, ağızdan gələn pis qoxunu yox edir”, - deyə mütəxəssis söyləyib.