Yeni doğulmuş oğlan və qızlar arasındakı fərqdə azalma müşahidə olunub
2023 cü ildə yeni doğulmuş oğlan və qızlar arasındakı fərq 7008 nəfər təşkil edib. Bu da 2022-ci illə müqayisədə cins fərqinin azaldığını deməyə imkan verir.
LiderXəbər.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin mayın 20-də keçirilən komitə iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə hesabatında öz əksini tapıb.
Belə ki, ötən il cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edib. 2022 ci ildə isə cinslər arasındakı fərq 7034 nəfər olub. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edib. Beləliklə, 2022 ci illə müqayisədə 2023 cü ildə cinslər arasındakı fərq azalıb, 7034 dən 7008 ə düşüb.
Bütün bunlar onu deməyə əsas verir ki, cinsi ayrı-seçkiliklə bağlı görülən tədbirlər, siyası təmsilçilik, iqtisadi sahədəki fəallıq, özəl və dövlət qurumlarında qərarvermə proseslərindəki bərabər iştirakla əlaqədar müşahidə edilən mövcud dinamika, gender bərabərliyinin təmin edilməsi istiqamətində aparılan davamlı fəaliyyətin nəticəsidir.