Pressa.az » Ölkə » Sumqayıt Tibb Mərkəzi: Bu ilin beş ay ərzində vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib

Sumqayıt Tibb Mərkəzi: Bu ilin beş ay ərzində vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib

07 iyun 2024, Cümə, 22:26
Sumqayıt Tibb Mərkəzi: Bu ilin beş ay ərzində vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Sumqayıt Tibb Mərkəzinə mediatur təşkil edib.

Səfərin məqsədi media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Mərkəzin fəaliyyət istiqamətləri ilə, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etməkdən ibarət olub.

Mərkəzin direktoru Elnur Azadxanov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, strukturu və həyata keçirilən işlər barədə mediatur iştirakçılarına məlumat verib. O bildirib ki, Sumqayıt Tibb Mərkəzinin nəzdində 7 ailə sağlamlıq mərkəzi, 7 xəstəxana, Perinatal Mərkəz və Stomatoloji poliklinika fəaliyyət göstərir. 2023-cü il ərzində Mərkəz tərəfindən vətəndaşlara 4 milyon 600 minə yaxın, 2024-cü ilin ilk 5 ayında vətəndaşlara 2 milyon 300 minə yaxın xidmət göstərilib.

Direktor, həmçinin Mərkəzin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 300-dən çox yeni tibbi avadanlıqla təchiz edildiyini bildirib. Bura KT, MRT, C-qollu rentgen, Fako cihazı (kataraktanın lazerlə aradan qaldırılması), A-B skan (göz almasının ultrasəs müayinəsi) və digər cihazlar aiddir. İcbari tibbi sığortanın tətbiqindən sonra Sumqayıt Tibb Mərkəzində həyata keçirilən yeniliklər barədə danışaraq, eyni zamanda, sığortanın tətbiqindən sonra burada dördüncü səviyyəli mərkəzləşdirilmiş laboratoriya fəaliyyətə başladığın vurğulayıb.

Sonra mediatur iştirakçıları Mərkəzin nəzdində fəaliyyət göstərən 1 və 2 nömrəli xəstəxanalarla yanaşı, Perinatal Mərkəzlə də tanış olublar.

Mərkəzin cərrahiyyə üzrə direktor müavini Ramin Qasımov 2 nömrəli Xəstəxanada yeni tibbi xidmətin - birgünlük cərrahiyyənin yaradıldığın diqqətə çatdırıb. Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli bildirib ki, müəssisə “Körpə Dostu Klinikası” təşəbbüsünə qoşulub: “Perinatal Mərkəz yalnız Sumqayıt əhalisinə deyil, özəl və ya digər regionlarda fəaliyyət göstərən TƏBİB-in tabeli tibb müəssisələrindən də pasiyentləri qəbul edir. 2023-cü ildə regionlardan 349 yenidoğulmuş, 128 hamilə qəbul edilib. Müəssisədə təbii və cərrahi doğuşlarla yanaşı, açıq və laporoskopik, ginekoloji əməliyyatlar da həyata keçirilir”.

Bildirilib ki, Perinatal Mərkəzdə daha öncə icra olunmayan - laporoskopik ginekoloji, neonatal cərrahi, uşaqlarda isə laporoskopik və neyrocərrahi əməliyyatlar icra olunur. 2022-ci ildən bu günədək Mərkəzdə 42 075 sayda cərrahi əməliyyat icra edilib.

Daha sonra media və qeyri-hökumət təşkilatlarının nümayəndələri tibb müəssisəsində müayinə olunublar.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.