Türk Dünyasını yeni zəfərlərə aparan Şuşa Bəyannaməsi!
15 iyun 2021-ci il tarixində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan, Şuşada müttəfiq münasibətlərə dair ortaq Bəyannamə imzaladılar. Xatırladaq ki, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ndə siyasi, iqtisadi, ticari əlaqələr, mədəniyyət, təhsil, idman, enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizi, müdafiə sənayesindəki əməkdaşlıq, hərbi əməkdaşlıq və qarşılıqlı hərbi yardım, Zəngəzur dəhlizi və s. mühüm məsələlər öz əksini tapıb.
Sòzügedən Bəyannamə tarixi və siyasi əhəmiyyətə malik müttəfiqlik haqqında hüquqi sənəddir. Bu Bəyannamənin imzalanması Azərbaycan –Türkiyə münasibətlərini yeni müstəviyə çıxarır. Bəyannamədə ölkələrimiz arasında əməkdaşlığın çoxşaxəliliyi əsas yer tutur. Burada hər iki ölkənin müdafiə sənayesi, milli təhlükəsizlik məsələləri, iqtisadi, siyasi, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potesialların birləşdirilməsi nəzərdə tutulur. İmzalanmış sazişə əsasən Azərbaycanın Silahlı Qüvvələri təkmilləşdirilərək Türkiyə təcrübəsi səviyyəsinə gətiriləcək. Ordumuz birgə təlimlərdə iştirak edərək modernləşdiriləcək və döyüş qabiliyyəti daha da artırılacaqdır .
44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərimizlə ölkəmiz ərazi bütövlüyünü təmin etməklə yanaşı, həm də regionda yeni reallıq yaratdı. Bu yeni reallıq regionda sülhün və əməkdaşlığın dərinləşdirilməsinə şərait yaratdı. Kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Qafqaz regionun dünya üçün əhəmiyyətini artırır. Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladığı Şuşa Bəyannaməsi bu əməkdaşlıq imkanlarının realizə olunmasına yol açır. Şuşa Bəyannaməsi öz əhəmiyyətinə görə region ölkələrinin, o cümlədən Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşməsinə və işbirliyinin genişlənməsinə xidmət edir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış tarixi-hüquqi sənəd olan Şuşa Bəyannaməsindən üç il ötür. Qeyd edək ki, Bəyannamə 2021-ci ilin iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı, eyni zamanda qəhrəmanlıq rəmzi olan Şuşa şəhərində imzalanıb. Bəyannamə 2022-ci ilin fevralın 1-də Azərbaycan Milli Məclisi, fevralın 3-də Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənib. Qürurla qeyd edə bilərik ki, Şuşa Bəyannaməsi Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra növbəti tarixi uğurumuzdur. Ümumiyyətlə, Şuşa Bəyannaməsi cənab Prezidentin qeyd etdiyi kimi, iki qardaş ölkənin münasibətlərini rəsmən müttəfiqlik səviyyəsinə yüksəltməklə yanaşı, eyni zamanda bunun tarixdə bir çox ölkələr üçün örnək olduğunun bariz nümunəsidir.
Şuşa Bəyannaməsi iki qardaş dövlət arasında hərbi, müdafiə sənayesi texnologiyaları, humanitar, enerji, nəqliyyat, iqtisadi, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Şuşa Bəyannaməsinin digər bir özəlliyi isə ondadır ki, bu sənəd tarixi Qars müqaviləsinin 100 illiyində rəsmiləşib və əslində həmin sazişinin yeni versiyada davamı kimi xarakterizə etmək olar. Bəyannamənin məhz Şuşa şəhərində imzalanmasına gəldikdə isə, bu həm də dünyaya bir ismarıcdır. Bir anlıq xatırlasaq ki, iki dövlət başçısı bu sənədi imzalamaq üçün elə bir yer seçmişdilər ki, arxa fonda erməni vandallarının dağıtdığı tarixi tikililərin xarabalıqları görünürdü. Deməli, sənəd ötən əsrin əvvəllərində olduğu kimi, bu gün də məhz erməni vandalizminin və onlara dəstək verən bir sıra qüvvələrin gizli və ya açıq təhlükəsinə qarşı zərurətdən doğan amildir. Bu sənəd eyni zamanda dünyana bir mesaj olaraq bildirir ki, hər zaman istənilən təxribatın qarşısında hər iki dövlət bir vəhdət olaraq dayanacaqdır. Şuşa Bəyannaməsinin imzalanması yalnız Türkiyə-Azərbaycan əlaqələri üçün deyil, eyni zamanda bütün türk dünyasının birliyi üçün önəmlidir. Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır, eyni zamanda çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamədə diqqəti çəkən vacib məqamlardan biri müdafiə sənayesi texnologiyaları sahəsində əməkdaşlığın artırılmasıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı bildirərək qeyd etmişdir ki, Türkiyə texnologiya sahəsində biliklərini Azərbaycanla paylaşacaqdır ki, bu isə ortaq istehsal sahələrinin yaradılması baxımından böyük əhəmiyyət kəsb edəcəkdir. Yəni, bu layihənin reallaşması ilə Azərbaycan hərbi texnologiya idxal edən dövlətdən istehsal mərkəzinə çevriləcək.
Bəyannamədə digər bir diqqəti çəkən məqam isə iki ölkənin regionda əməkdaşlıq baxımından gündəmdə saxladığı nəqliyyat dəhlizidir. İkitərəfli əməkdaşlıq çərçivəsində Bakı-Tiflis-Qarsın başa çatdırılması regionda yeni əməkdaşlıq imkanları baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda Orta Asiya, Azərbaycan və Türkiyə arasında olan, həmçinin Türk Şurasının dəstəklədiyi Mərkəzi Dəhliz də Şuşa Bəyannaməsinə daxil edilib. Bundan başqa, Vətən müharibəsindən sonra iki qardaş ölkə arasında yeni dəhliz imkanı yaranmışdır ki, Azərbaycanla Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin əhəmiyyətini xüsusi qeyd etmək lazımdır. Beləliklə, ölkələrimiz arasında münasibətlərimizin gələcəyi üçün yol xəritəsi olaraq mahiyyət daşıyan bu sənəd, bütün sahələrdə fəaliyyətimizi əlaqələndirmək və genişləndirmək istiqamətində vacib rol oynayacaqdır. Bir sözlə, Şuşa Bəyannaməsi nəinki regionun, ümumiyyətlə, Türk Dünyasının yeni zəfərlərinə açılan bir qapıdır.
Valeh Tağıyev;
Neftçala rayon ağsaqqalı