Qiymət tənzimlənməsi nəqliyyat xidmətlərinin keyfiyyətini yüksəldəcək
Məlum olduğu kimi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Bildirilib ki, sosialyönümlülük baxımından ən optimal variant seçilməklə aşağıda qeyd olunan tariflərin tətbiqi məqsədəuyğun hesab edilib.
Beləliklə, müntəzəm şəhərdaxili (rayondaxili) avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi məsafədən asılı olmayaraq 50 qəpik müəyyən edilib. Bundan əlavə, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 3,7 qəpik olub.
Eyni zamanda, ölkədaxili müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri yenilənib. Lakin Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib.
Bu qərarın qəbul edlməsini əsaslandıran səbəblərə gəldikdə, əvvəlki tariflər xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi və nəqliyyat vasitələrinin daim saz vəziyyətdə saxlanmasına imkan vermirdi. Məhz bu səbəbdən də belə bir addım atılmasına zərurət yaranıb. Tariflərin yenilənməsi zamanı dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal tarif dəyişikliyi edilib.
Bəs yeni tariflərin yaratdığı imkanlar nədən ibarətdir?
Birincisi, xidmət keyfiyyəti və müştəri məmnuniyyətinin artırılması
İkincisi, istehlakçı ilə xidmət göstərən tərəflərin maraqlarının uzlaşdırılması
Üçünsüsü, xidmətin dayanıqlılığının və iqtisadi əlverişliliyin təmin olunması
Dördüncüsü, ölkədaxili sərnişindaşıma xidmətləri üzrə davamlılığın təmin edilməsi, keyfiyyətin yüksəldilməsi
Beşincisi, avtobus parklarının yenilənməsi, metro infrastrukturunun genişləndirilməsi
Altıncısı, vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinə səbəb olan yeni sərmayələrin cəlbi.
Müntəzəm şəhərdaxili (rayondaxili) və şəhərlərarası avtobus marşrutlarında, metro nəqliyyatında tariflərin tətbiqində optimal variantın seçilməsinə diqqət etmək.
Bu müddət ərzində Bakı şəhərinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə yeni marşrut şəbəkəsi təsdiq edilib. Yaxın günlərdə Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrində fəaliyyət göstərəcək 5 yeni marşrut olmaqla bu şəbəkənin tətbiqinə başlanılır. Uzun müddətdən sonra şəhərlərarası daşımalarda ilk dəfə olaraq Bakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə və Tərtər istiqamətlərində yeni avtobuslar istifadəyə verilib və bu proses davam edir. Metro infrastrukturu və yeni stansiyaların tikilməsi üzrə işlər davam etdirilir.
Ümumilikdə 65 yeni vaqon sifariş edilib, bu vaqonlardan 35 ədədinin bu ilin sonuna qədər ölkəyə gətirilməsi nəzərdə tutulur. Son bir ildə nəqliyyat sahəsinin modernləşdirilməsində nağdsız ödəniş və mobil tətbiqlərin – “AYNA” informasiya sistemi, “Azparking” və “biletim.az” da daxil olmaqla bir sıra rəqəmsal həllərin tətbiqinin xüsusi rolu olub. Son bir ildə sərnişindaşıma sahəsində aparılan islahatlar, bu sahəyə dövlətin dəstəyi metro və avtobuslarla sərnişin daşınmalarını 15%-ə yaxın artırıb. Bakı-Naxçıvan / Naxçıvan-Bakı istiqamətləri üzrə hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətinin tarifində dəyişiklik edilməyib. İşğaldan azad edilmiş ərazilərdə inşa edilən Füzuli və Zəngilan aeroportları da hava nəqliyyatı ilə ölkədaxili yeni tariflərlə vətəndaşların istifadəsi üçün açıq elan edilib.
Şübhəsiz ki, yeniliklərin tətbiqi “Böyük Qayıdış” çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlarımızın daha keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasına da öz töhfəsini verəcək.