Hesablama Palatası Naxçıvan Ali Məclisində nöqsanlar aşkar edib
Hesablama Palatası 2024-cü il üzrə İş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası AIi Məclisinin dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparıb.
Liderxeber.az Palataya istinadən xəbər verir ki, audit 2023-cü ili əhatə edib.
Ötən il üçün Ali Məclis üzrə 6,3 milyon manat proqnozlaşdırılıb, 4,3 milyon manat xərc icra edilib.
Audit zamanı müəyyən edilib ki, Ali Məclisin saxlanılması üçün ayrılmış vəsaitlərdən smetası rəsmiləşdirilməyən tədbirlərə, funksional fəaliyyətlə birbaşa əlaqəsi olmayan və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə 78,9 min manat artıq vəsait xərc olunub, Ali Məclisin əməkdaşlarına artıq və qanunvericiliyin tələblərinə uyğun olmayan 79,2 min manat əmək haqqı, əlavə və mükafatlar ödənilmiş və buna uyğun sığorta haqqı xərcləri hesablanıb, Muxtar Respublikanın Konstitusiyasının 19-cu maddəsinin 4-cü bəndinin tələbləri gözlənilmədən ödənişli fəaliyyətlə məşğul olduqları halda 35 deputatın statusu saxlanılıb və həmin şəxslərə 2023-cü ildə hesablanmış əmək haqqı xərcləri 312,2 min manat təşkil edib, Ali Məclisin saxlanılması üzrə vahid büdcə təsnifatının tələbinə əməl edilməyib, ümumillikdə 32,4 min manat və satınalma keçirilmədən isə 69,3 min manat xərc edilib, Ali Məclisin aparatı üzrə satınalma prosedurları həyata keçirilmədən, tələbatı əsaslandırılmayan və müvafiq qaydada rəsmiləşdirilməyən, tarixi, mədəniyyəti təcəssüm etdirməyən və xatirə xarakteri daşımayan hədiyyələrin və s. alınmasına 5,2 min manat vəsait birbaşa xərc edilib, təşkilatın xəzinə hesabından əlavə Naxçıvanın İnkişafı və Müdafiə Fonduna məxsus 31,5 milyon manat vəsait bank hesabında qalıq olaraq saxlanıllb.
Hesablama Palatasının Kollegiyası əsassız xərclənmiş vəsaitlərin büdcəyə bərpası, xərclərin düzgün rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə, eləcə də dövlət əmlakının təyinatına uyğun istifadəsi üzərində nəzarətin gücləndirilməsi barədə qərar verib.