Pressa.az » Ölkə » Rektor "Ali təhsil haqqında" Qanun layihəsi ilə bağlı iradlarını bildirib

Rektor "Ali təhsil haqqında" Qanun layihəsi ilə bağlı iradlarını bildirib

13 mart 2023, Bazar ertəsi, 11:36
Rektor "Ali təhsil haqqında" Qanun layihəsi ilə bağlı iradlarını bildirib

"Ali təhsil haqqında" Qanun layihəsində ali təhsilin məqsədinin nə olmasına aydınlıq gətirilməyib.

Liderxəbər xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə deyib.

O bildirib ki, bu gün təhsilin inkişafına dair strategiya var:

"Təklif edirən ki, ya strategiyada nəzərdə tutulmuş məsələlər qanunda öz əksini tapsın, ya da həmin strategiyaya dəyişiklik edilsin. Həmçinin qanunda elmi dərəcələrin verilməsinə aydınlıq gətirilməyib. Köhnə qaydalar zərərlidir və universitetlərin inkişafı baxımından ciddi maneədir. Ali təhsil sahəsində vahid baxışa imkan yaratmayan ciddi bir təhlükə var. Belə ki, 70-ə yaxına bənddə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum tərəfindən nəsə edilməlidir hissəsi yazılıb. Hesab edirəm ki, qurum dəqiq qeyd olunmalıdır. Qanunda eyni zamanda gənc tədqiqatçıların dövlət tərəfindən dəstəklənməsi ilə bağlı ayrıca bir müddəaya ehtiyac var. Həmçinin elmin maliyyələşdirilməsinə aydınlıq gətirilməlidir. Ən minimal məsələ distant təhsildə kredit tələbənin neçə olacağıdır. Amma bu da qanunda yoxdur. Təhsilin mərkəzləşdirilmiş idarə sistemi adı altında bir maddə yaradılmalıdır və hamı da bilməlidir ki, bu sistem hansı işləri görməlidir".

Rektor həmçinin əlavə edib ki, fakültələrə müstəqillik verilməsi təklif edilib:

"Hesab edirəm ki, bu müstəqillik ali təhsil müəssisəsinə akademik müstəqillikdən sonra olmalıdır. Ali təhsil müəssisəsinin özü müstəqil olmadıqdan sonra onun hansısa bir bölməsinin müstəqil olub-olmadığı heç bir əhəmiyyət kəsb etmir. Sonda bu kimi strateji məsələlər ali təhsil müəssisələrinin ictimai şuraları tərəfindən müzakirə edilməlidir. İctimai iştirakçılıq haqqında qanun bunu tələb edir".